IMAGE

Ulu Öndər Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında qeyd olunub

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Ulu Öndərin fəaliyyətinin bütün dövrlərində xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri daim yüksək qürur hissi ilə qeyd olunur, əziz xatirəsi dərin ehtiramla yad edilir.

Azərbaycan ədliyyəsinin formalaşması və inkişafı, Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təsis olunması da Ümummilli Liderin adı ilə bağlıdır. Dahi öndər ədliyyə sisteminin inkişafına daim qayğılı münasibət göstərib, həyata keçirdiyi mütərəqqi hüquqi islahatlar çərçivəsində nazirliyin fəaliyyətində əsaslı dəyişikliklər aparılıb, onun cəmiyyətdə rolu və əhəmiyyəti artıb.

Ümummilli Liderin doğum günündə ədliyyə naziri Fərid Əhmədov, nazirliyin rəhbər heyəti və kollektivi Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq sonsuz ehtiramlarını bildiriblər. Həmçinin akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzülüb.

Əbədiyaşar liderin nazirlikdəki büstü önünə gül səbəti qoyulub, əziz və işıqlı xatirəsi yad edilib, Heydər Əliyev muzeyində zəngin və maraqlı ekspozisiyalarla tanışlıq olub.

Ədliyyə orqanlarında keçirilən tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan və zəngin dövlətçilik fəaliyyətindən, çoxşaxəli irsindən bəhs olunub, dahi rəhbərin qurub yaratdığı müasir Azərbaycan dövlətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişafı vurğulanıb.

Ulu Öndərin irsinin öyrənilməsi və təbliğində, respublikamızda aparılan quruculuq işlərində, əhalinin rifahına xidmət edən çoxsaylı layihələrin həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun 20 illik mühüm fəaliyyəti xüsusi qeyd olunub.

Dahi liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı nazirliyin Ədliyyə Akademiyasında Heydər Əliyevin hüquqi dövlət quruculuğunda müstəsna roluna həsr olunan mühazirələr keçirilib, kütləvi idman tədbirləri təşkil olunub, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmlər, foto və video slaydlar nümayiş etdirilib, mətbuatda çıxışlar edilib, sosial şəbəkə səhifələrində məlumatlar paylaşılıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez