IMAGE

“Biznesin müflisləşməsi” sahəsi üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin və yeni təşəbbüslərin təqdimatı keçirilmişdir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun 15 may 2024-cü il tarixdə növbəti iclası keçirilib.

İclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və nazirlik yanında Dövlət Vergi Xidməti, Mərkəzi Bankın təmsilçiləri, işçi qrupunun rəhbəri və digər üzvləri, Dünya Bankı tərəfindən cəlb olunmuş ekspertlər iştirak ediblər.

Tədbirdə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və “Biznesin müflisləşməsi” işçi qrupunun rəhbəri Ramin Qaraqurbanlı açılış nitqləri ilə çıxış etmiş, biznesin müflisləşməsi sahəsində ən son islahatlar barədə məlumat vermişlər, “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin ümumi təqdimatı keçirilmişdir.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Nuranə Abbasova “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun, həmin qanunun biznes mühitinə müsbət təsiri barədə çıxışında bildirmişdir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununda qiymətləndirmə fəaliyyətinin özünə intellektuallıq və peşəkarlıq tələb edən fəaliyyət növü kimi baxılması bu sahənin inkişaf etdirilməsinə və sağlam rəqabətin yaranmasına təkan verəcəkdir. Eyni zamanda, qanunun tətbiqi nəticəsində qiymətləndirmə prosesləri zamanı obyektin dəyərinin onun qiymətində real və düzgün əks etdirilməsi ilə tərəflər arasında mübahisəli hallar minimuma enəcək, müvafiq əməliyyatlarla bağlı sahibkarların əlavə vaxt itkisi aradan qalxacaqdır.

İclasda Komissiyanın rəhbəri tərəfindən 14 may 2024-cü il tarixində təsdiq edilmiş “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrası, o cümlədən müflisləşmə sahəsində normativ hüquqi bazanın keyfiyyəti, beynəlxalq məhkəmə qərarlarının tanınması, hakimlərin və vəkillərin ixtisaslaşması, onların biliklərinin artırılması, məhkəmə fəaliyyətinin elektronlaşdırılması, müflisləşmə icraatı (prosedurları) üzrə xidmətlərin qarşılıqlı fəaliyyəti və müvafiq sahədə informasiyanın ictimai əlçatanlığı, kommunikasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Yol Xəritəsinin 1.1-ci bəndi ilə beynəlxalq təcrübə və müasir çağırışlar nəzərə alınmaqla təşəbbüs olunan “Müflisləşmə və sağlamlaşdırma haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı konseptual prinsiplər, əmlak inzibatçılarının statusu, səlahiyyətləri, hüquqları və vəzifələri, onların reyestrinin aparılması, prosesdə iştirakı və başqa əlaqəli məsələlər müzakirə olunub, bununla bağlı beynəlxalq ekspertlərin tövsiyələri dinlənilib.

Sonda müzakirə olunan məsələlərlə bağlı maraq doğuran suallara aydınlıq gətirilib.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez