Azərbaycan və Çin arasında hüquqi əməkaşlıq inkişaf edir

Ölkəmizlə hüquqi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çin Xalq Respublikasının Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) prezidenti Çao Cianminq aprelin 12-də başçılıq etdiyi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmişdir.

Səfər çərçivəsində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və Çinin Baş prokuroru Çao Cianminqin görüşü keçirilmişdir.

Qonağı ölkəmizdə salamlamaqdan məmnunluğunu ifadə edən nazir dövlətlərimiz arasında geniş müqavilə hüquq bazasına söykənən dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd etmiş, səmərəli qarşılıqlı fəaliyyət çərçivəsində ikitərəfli səfərlərin həyata keçirildiyini, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulamış, Çinin Baş Prokurorunun Azərbaycana səfərinin və prokurorluq orqanları arasında yenicə imzalanmış Anlaşma Memorandumunun əlaqələrimizin inkişafına böyük təkan olacağını bildirmişdir.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə görülən genişmiqyaslı islahatlar, əldə olunan nailiyyətlər barədə geniş məlumat vermiş, dövlətimizin güclü siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı aparılan sərt mübarizə tədbirlərindən, o cümlədən yeni şəffaf və innovativ xidmətlərdən, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən danışmışdır.

Respublikamıza ilk dəfə səfər etdiyini bildirən qonaq Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmasından böyük şərəf duyduğunu xüsusilə qeyd etmiş, səfərin yüksək səviyyədə təşkil olunmasından, səmimi qonaqpərvərlikdən, dost və qardaş münasibətlərinin göstərilməsindən heyran qaldığını vurğulamışdır. Ç.Cianminq ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da inkişafı üçün yeni bir səhifə açıldığını bildirmiş, ədliyyə və məhkəmə-hüquq sistemində nailiyyətləri təqdir etmiş, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləmişdir.

Söhbət zamanı dövlətlərimizin beynəlxalq təşkilatlar, xüsusilə Çinin təşəbbüsü ilə yaradılmış dünyanın korrupsiyaya qarşı mübarizə aparan qurumlarını birləşdirən nüfuzlu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası daxilində faydalı əməkdaşlıq etdiyi vurğulanmış, bu günlərdə Hindistanda İAACA-nın İcraiyyə Komitəsinin iclasının uğurlu keçməsi qeyd olunaraq tədbirdə aparılmış məzmunlu müzakirələrin, qəbul olunmuş mühüm qərarların korrupsiyaya qarşı mübarizəyə, bu sahədə beynəlxalq əməkdaşlığa əlavə töhfə verdiyi bildirilmişdir. Azərbaycanın Assosiasiyanın işində fəal iştirakı, o cümlədən ədliyyə nazirinin İAACA-nın vitse-prezidenti kimi təşkilatın beynəlxalq əlaqələrinin genişlənməsində, korrupsiyaya qarşı qlobal çağırışların dəstəklənməsində təşəbbüskarlığı və dəyərli töhfələri yüksək qiymətləndirilmişdir.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunmuş, maraq kəsb edən məsələlər üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixi muzeyi, habelə Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, qonaqlara iki ölkə arasında hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim edilmişdir.

Ölkəmizdə korrupsiyaya qarşı qəti mübarizə tədbirlərinin aparıldığını nəzərə alaraq bu sahədə müsbət təcrübəmizlə tanış olmaq məqsədilə elə həmin gün Çinin Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının prezidenti yeni fəaliyyətə başlamış "ASAN" xidmət mərkəzinə baş çəkmişdir. Ç.Cianminq mərkəzdə yaradılmış müasir şəraitdən məmnun qalmış, bu cür şəffaf ve yeni konseptual xidmətlərin vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsində, korrupsiyaya qarşı səmərəli mübarizədə önəmli rolunu qeyd edərək dövlət başçısının bu sahəyə xüsusi diqqətini və siyasi iradəsini yüksək qiymətləndirmişdir. Mərkəzdən xoş təəssüratlarla ayrılan qonaq ölkəmizin antikorrupsiya sahəsində böyük nailiyyət əldə etdiyini və müsbət təcrübəmizin digər dövlətlərə yayılmasının əhəmiyyətini vurğulamışdır.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez