19-07-2024 | 18:50 565
Ədliyyə Nazirliyinin Probasiya xidmətinin və Türkiyə Respublikası Ədliyyə Nazirliyinin Cəza və Həbs Evləri Baş İdarəsinin müvafiq probasiya qurumunun birgə təşkilatçılığı ilə onlayn görüş keçirilib.
Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırım açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, iki ölkə arasında ədliyyə, xüsusilə də cəzaların icrası və probasiya sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətinda atılan addımlardan məmnunluğunu ifadə edib.
Açılışda çıxış edən Ədliyyə nazirinin müavini Abiddin Hüseynov qardaş ölkələr arasında bütün sahələrdə əməkdaşlığın möhkəmləndiyini vurğulayıb. Nazir müavini bildirib ki, probasiya sahəsində əməkdaşlığa dair keçirilən görüş cari ilin may ayında Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında imzalanmış Birgə Bəyanatın icrası istiqamətində atılan mühüm addımlardan biridir və bu görüş gələcəkdə sahə üzrə əməkdaşlığın gücləndirilməsində böyük rol oynayacaq.
Açılışdan sonra Türkiyədə probasiya sisteminin tarixi, Cəza və Həbs Evləri Baş İdarəsinin fəaliyyəti, probasiya sahəsində cəzaların icrası siyasəti, elektron izləmə sistemi, narkotik vasitələrdən asılı olan şəxslərin reabilitasiyası və sosial xidmətlər barədə təqdimat edilib.
Eyni zamanda, Azərbaycanda probasiya sisteminin inkişafı üzrə görülən işlər, bu sahədə sosial reabilitasiya və müasir elektron nəzarət vasitələrinin tətbiqi barədə məlumat verilib.
Tərəflər arasında probasiyanın müxtəlif sahələri üzrə müzakirələr aparılıb, əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində konkret tədbirlərin müəyyən edilməsi barədə razılıq əldə edilib.
Qeyd edək ki, görüş Ədliyyə Nazirliyinin müxtəlif struktur qurumlarının, eləcə də Bakı, Gəncə və Naxçıvan probasiya qurumlarının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilib.