23-07-2024 | 19:23 953
Qırğızıstan Respublikasının məhkəmə-hüquq sisteminin rəqəmsallaşdırılmasının dəstəklənməsi istiqamətində Dünya Bankı tərəfindən həyata keçirilən “Məhkəmə-hüquq sisteminin funksional təhlili” layihəsi çərçivəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə ölkəmizdə səfərdə olan Qırğızıstan nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilib.
Qonaqları salamlayan Ədliyyə nazirinin müavini Eldar Nuriyev iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin və ədliyyə sahəsində sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb.
Daha sonra nümayəndə heyətinə ölkəmizdə ədliyyə sahəsində rəqəmsal transformasiya, elektron xidmətlər, elektron məhkəmə və elektron notariat haqqında təqdimatlar edilib. Nümayəndə heyətinin üzvləri ədliyyə sahəsində rəqəmsallaşma üzrə Azərbaycanın təcrübəsinin onlar üçün faydalı olacağını qeyd edib.
Sonda nümayəndə heyətinin sualları cavablandırılıb, maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.