12-08-2024 | 14:37 5509
Biznes
mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə
sistemi və hüququn aliliyi” İşçi Qrupunun Ədliyyə Nazirliyinin inzibati
binasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sahibkarlıq
subyektləri ilə görüşü keçirilib.
Görüş
çərçivəsində İşçi Qrupun rəhbəri, nazirliyin Strateji planlaşdırma və
monitorinq baş idarəsinin rəisi Toğrul Hüseynov və İşçi Qrupun digər üzvləri tərəfindən
sahibkarların qarşılaşdıqları çətinliklər, İşçi Qrupun fəaliyyətində görmək istədikləri
islahatlar və yeniliklər dinlənilib, onları maraqlandıran suallar
cavablandırılıb və müvafiq sahədə qanunvericiliyin müddəaları onların diqqətinə
çatdırılıb.
Görüşdə
həmçinin Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli”
indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata
keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” çərçivəsində İşçi Qrup tərəfindən
görülmüş işlər barədə sahibkarlara məlumat verilib.
Qeyd olunub
ki, “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupunun əsas
məqsədi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq biznesin təşviqinə şərait
yaradan bütün aspektlərin inkişaf etdirilməsi, maneələrin aradan qaldırılması,
mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi və onların əlçatanlığının
təmin edilməsidir. Bu məqsədlə mübahisələrin həlli, məhkəmələrin və digər
orqanların qərarlarının operativ icrası və effektivliyinin təmin edilməsi istiqamətində
İşçi Qrup tərəfindən mühüm islahatlar aparılır.
Görüşdə
bildirilib ki, icra hərəkətlərinin həyata keçirilməsində nağdsız
hesablaşmaların tətbiqi, borclunun elektron pul təşkilatlarında olan vəsaitlərinə
tutmanın yönəldilməsi, icra sənədlərinin icrasından yayınan hüquqi şəxslərin rəhbərlərinin
ölkədən getmək hüququnun məhdudlaşdırılması, habelə onların axtarışının təşkili
ilə bağlı və digər layihələr hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bununla
yanaşı icra sisteminin maksimum rəqəmsallaşdırılması, bir sıra icra hərəkətlərinin
tam avtomatlaşdırılması və icra sənədlərinin icrasında operativliyin təmin
edilməsi məqsədilə “Elektron icra” informasiya sisteminin təkmilləşdirilməsi
istiqamətində işlərin aparıldığı bildirilib.
Həmçinin
vurğulanıb ki, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlərin
sayı artırılaraq “İcra məmuruna elektron müraciət” xidməti istifadəyə verilib.
Yeni xidmətdən istifadə etmək üçün nazirliyin rəsmi internet səhifəsində “Dövlət
xidmətləri” bölməsindən “İcra xidmətləri” hissəsinə keçid etməklə vətəndaşlar
FİN və doğum tarixi əsasında sorğu edərək özlərinin tərəf olduqları icra işləri
barədə məlumatları əldə edə, seçdikləri işlə bağlı icra məmuruna müraciət edə,
habelə zəruri sənədləri həmin müraciətə əlavə edə bilərlər.
Eyni
zamanda qeyd olunub ki, “Vahid məhkəmə portalı”nın yeni versiyası
formalaşdırılaraq istifadəyə verilib. Burada həmçinin geniş auditoriyanın məhkəmə
statistikası sahəsində məlumatlara əlçatanlığının təmin edilməsi məqsədi ilə “Məhkəmə statistikası” bölməsi yenilənərək yeni statistik göstəricilər əlavə edilib.
Görüşdə həmçinin mübahisələrin alternativ həlli mexanizimlərindən olan mediasiya sisteminin elektronlaşdırılması üzrə də işlərin yekunlaşma mərhələsində olduğu, e-mediasiya portalının hazırlandığı və onun çox az ölkə istisna olmaqla analoji modelinin mövcud olmadığı qeyd olunaraq, portalın yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı səsləndirilib.
Bundan başqa mübahisələrin alternativ həlli yollarından olan arbitraj institutunun ölkəmizdə inkişaf etdirilməsi yönündə islahatların aparıldığı, bu institutun elektronlaşması üzrə işlərə başlanıldığı da qeyd edilib.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.