16-09-2024 | 12:39 794
Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyilə Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev və həmin Universitetin Hüquq texnologiyaları laboratoriyasının rəhbəri, Ural Dövlət Hüquq Universitetinin professoru Konstantin Branovitskiy tərəfindən Qusarda hakimlər üçün mülki hüquq və mülki proses üzrə təlimlər keçirilir.
5 gün müddətində keçiriləcək təlimlərdə müxtəlif instansiyalar üzrə 13 hakim iştirak edir. Təlimlər hakimlərin təlimçi olaraq bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilib. Təlim iştirakçıları gələcəkdə hakimlərin tədrisi prosesinə təlimçi kimi cəlb ediləcəklər.
Həmçinin yaxın vaxtlarda digər qanunvericilik sahələri üzrə də təlimlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ölkəmizdə hakim korpusunun komplektləşdirilməsi, məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin edilməsi və bu çərçivədə hakimlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə hakimliyə namizədlərin ilkin uzunmüddətli təlimi və hakimlərin davamlı tədrisi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.