25-04-2013 | 04:02 1256
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların qəbuluna, onların ərizə və şikayətlərinin təxirəsalınmadan baxılaraq həll olunmasına xüsusi diqqət yetirilir, "Açıq qapı" günləri keçirilir, müasir İKT-lər və elektron xidmətlər geniş tətbiq olunur.
Aprelin 25-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Xaçmaz rayonuna səfər etmişdir.
Nazir Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Evində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir.
Qəbuldan əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül dəstəsi qoyulmuş, əziz xatirəsi dərin ehtiramla yad olunmuşdur. Bu günlərdə 90 illik yubileyi qeyd olunan görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın abidəsi önünə tər çiçəklər düzülmüşdür.
Vətəndaşların rahatlığının təmin edilməsi məqsədi ilə nazirin qəbuluna yazılış aprelin 19-dan başlanılmış, bu proseduru asanlaşdırmaq üçün nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq qəbula birbaşa yazılmaq imkanı yaradılmışdır.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə naziri vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti bağlı və digər müraciətlərini, o cümlədən ərizə, şikayət və təkliflərini diqqətlə dinləmiş, qaldırılan bütün məsələləri nəzərdən keçirilərək dərhal həll edilməsi üçün qəbulda iştirak edən nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar vermişdir.
Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilmişdir.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.