23-09-2024 | 13:56 776
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sahibkarlıq subyektləri ilə görüşü keçirilib.
Görüş çərçivəsində İşçi Qrupun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı və İşçi Qrupun üzvləri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb və müflisləşmə sahəsində qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı görülən işlər barədə məlumat verilib.
Görüşdə, həmçinin Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” çərçivəsində İşçi Qrup tərəfindən görülmüş işlər, hazırlanmış yeni normativ-hüquqi aktlara dəyişikliklər barədə layihələr səsləndirilib.
Qeyd olunub ki, “Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsinin hazırlanmasına başlanılıb, bu məqsədlə Dünya Bankı tərəfindən ABŞ və Almaniyadan müflisləşmə sahəsində ixtasaslaşmış xarici ekspertlər cəlb olunub.
Eyni zamanda, hüquqi şəxslərin dövlət reyestri və vergi ödəyicisinin uçotu reyestrində müflisləşmə prosesində olan sahibkarlıq subyektlərinə dair məlumatların əks olunması məqsədilə qanunvericilik aktlarına dəyişikliklər barədə layihələr hazırlanıb.
Görüşdə bildirilib ki, rəqəmsallaşdırma sahəsində mühüm islahatlar aparılır. Belə ki, ilk dəfə olaraq “Elektron məhkəmə” informasiya sistemində hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə mövcud olan məlumatların dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edilməsi imkanı yaradılıb, müflisləşmə ilə bağlı məhkəmə işləri üzrə anonimləşdirilmiş məhkəmə qərarları və müflisləşmə sahəsində mübahisələrə dair hesabat forması “Vahid məhkəmə portalı”nda yerləşdirilib.
Eləcə də, vəkillər üçün zəruri məlumatların elektron qaydada əldə edilməsi imkanının yaradılması məqsədilə “Elektron vəkil” sisteminin “Elektron məhkəmə” informasiya sistemi ilə inteqrasiyası təmin olunub. Nəticədə Fərdi İdentifikasiya Nömrəsi (FİN) əsasında vəkillərin eyniləşdirilməsi, FİN və VÖEN əsasında müqavilələrin və orderlərin elektron tərtib olunması, habelə məhkəmə qərarlarının həmin sistemə elektron göndərilməsi imkanları yaradılıb.
Həmçinin vurğulanıb ki, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə Ədliyyə Akademiyası tərəfindən kommersiya mübahisələrinə baxan hakimlər və hakimliyə namizədlər üçün bir sıra təlimlər təşkil olunub.
Tədbir iclas iştirakçılarının çıxışları və İşçi qrupun fəaliyyəti ilə bağlı müzakirələrlə davam etdirilib.
Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi Qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.