26-04-2013 | 04:02 812
Respublikamızın xarici dövlətlərlə dostluq və əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr xüsusi yer tutur. Belə ki, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri zamanı dövlətlərimiz arasında cinayətkarların ekstradisiyası haqqında müqavilə, həmçinin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanaraq, hüquqi sahədə əlaqələrinin inkişafına təkan verilmişdir. Bu gün qarşılıqlı fəaliyyət çərçivəsində ikitərəfli səfərlər həyata keçirilərək, əməkdaşlıq haqqında yeni sənədlər razılaşdırılmışdır.
Hüquqi əlaqələrin genişləndiriməsi, xüsusilə əməkdaşlığa dair yeni Sazişin imzalanması məqsədilə aprelin 26-da Çin Xalq Respublikası ədliyyə nazirinin müavini Can Sucun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmişdir.
Çinin nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstəsi düzmüş, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoymuşdur.
Nazirlikdə keçirilmiş görüşdə ədliyyə naziri Fikrət Məmmədov iki ölkə arasında hüquqi əlaqələrin inkişafının müsbət dinamikasını qeyd etmiş, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə qarşılıqlı fəaliyyətin səmərəliliyini, əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulamışdır.
Qonağa ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sahədə həyata keçirilən islahatlar barədə məlumat verilmişdir.
Xalqlarımız arasında qədim tarixə malik dostluq əlaqələrinin inkişafını qeyd edən qonaq ölkəmizə etdiyi ilk səfəri zamanı hərtərəfli dinamik tərəqqinin şahidi olduğunu vurğulamış, dünyada hökm sürən qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycan və Çin iqtisadiyyatının daim inkişaf etdiyini qeyd etmişdir. Can Sucun bü səfərə böyük əhəmiyyət verdiyini qeyd etmiş, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birlərini dəstəklədiklərini bildirirək, Azərbaycanın beynəlxalq aləmdə yüksək imicə malik ölkə kimi tanındığını vurğulamış, buna misal kimi ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunmasını gətirmişdir. Qonaq ölkəmizdə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlara böyük maraq göstərərək qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etmiş, Azərbaycana səfərinin hüquqi sahədə əlaqələrin inkişafına böyük təkan olacağını söyləmişdir.
Söhbət zamanı nümayəndə heyətinin diqqəti Ermənistan tərəfindən torpaqlarımızın 20%-nin işğalı, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, bununla bağlı BMT qətnamələrinin hələ də yerinə yetirilməməsi faktına cəlb edilmişdir. Qonaq Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulamışdır.
Sonra Azərbaycan və Çinin Ədliyyə nazirlikləri arasında Əməkdaşlığa dair yeni Sazişin imzalanma mərasimi keçirilmişdir. Mərasimdə qeyd olunmuşdur ki, bu mühüm sənəd hüquq və ədliyyə sahəsində əlaqələrin inkişafına, nümayəndə heyətlərinin, habelə hüquqi məsələlərə və qanunvericiliyə dair məlumatların mübadiləsinə, birgə tədris tədbirlərinin təşkilinə, təhsil və ekspertiza müəssisələri arasında əməkdaşlığın təşviqinə xidmət edəcəkdir.
Nümayəndə heyəti nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, habelə Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuşlar.
Elə həmin gün Çinin ədliyyə nazirinin müavini bir sıra rəsmi, o cümlədən Baş Prokurorluqda, Ali Məhkəmədə görüşlər keçirəcəkdir.
Ölkəmizdə aparılan ədliyyə, o cümlədən penitensiar islahatlara böyük maraq göstərilərək səfər zamanı nümayəndə heyətinin penitensiar müəssisələrin fəaliyyəti, habelə yeni yaradılmış ASAN xidmət mərkəzi ilə tanışlığı nəzərdə tutulur.