06-11-2024 | 10:17 200
Ədliyyə Nazirliyinin Probasiya xidməti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında imzalanmış "Probasiya nəzarəti tətbiq edilmiş şəxslərin sosial adaptasiyası və reabilitasiyası ilə bağlı 2024-cü il ərzində görüləcək işlərə dair Tədbirlər Planı"na əsasən tərbiyə, maarifləndirmə və təbliğat işləri davam etdirilir.
Bu məqsədlə Probasiya xidmətində “Uşaq hüquqları aylığı” çərçivəsində Sosial Xidmətlər Agentliyi ilə birgə “Yetkinlik yaşına çatmayanların hüquq və vəzifələri” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.
Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin nümayəndələrinin, Azərbaycan Universitetinin könüllülərinin, sosial işçi, psixoloqların və xidmət əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə uşaqların hüquq və vəzifələri, o cümlədən probasiya nəzarətində olan yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının müdafiəsi, mənafelərinin təmin olunması, uşaqlara qarşı kiber zorakılıq hallarının aradan qaldırılması, sosial şəbəkələrdə uşaqların kibertəhlükəsizlik məsələləri ilə bağlı təqdimatlar edilib.
Eyni zamanda, probasiya nəzarətində olan yetkinlik yaşına çatmayanların sosial-emosional vəziyyətinin öyrənilməsi məqsədilə və ümumilikdə onların təhsil, məşğulluq və s. problemləri ilə bağlı Elm və Təhsil Nazirliyi, habelə Sosial Xidmətlər Agentliyi tərəfindən anonim sorğular keçirilib.
Görüşdə Probasiya xidmətinin rəhbərliyi tərəfindən probasiya nəzarətində olan uşaqların problemlərinə həssaslıqla yanaşılmasının, hər bir yetkinlik yaşına çatmayan şəxsin ayrı-ayrılıqda qəbul edilməsinin, onlarla fərdi söhbətlərin və tərbiyə işinin aparılmasının, həmin şəxslərin təhsil, məşğulluq, ailə-məişət və s. problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.