07-11-2024 | 15:45 1229
Ədliyyə Nazirliyində Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin iştirakı ilə 8 noyabr – Azərbaycan Respublikasında Zəfər Gününə həsr edilmiş tədbir təşkil olunub.
Əvvəlcə nazirliyin rəhbərliyi və kollektivi II Fəxri xiyabanı ziyarət edərək, şəhid ədliyyə qulluqçusu Ruhin Xəlilovun məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra nazirliyin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.
Vətən müharibəsində könüllü iştirak etmiş şəhid ədliyyə qulluqçusu Ruhin Xəlilovun xatirəsi anılıb, nazirlikdəki barelyefi önünə gül dəstəsi qoyulub.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan nazir müavini Abiddin Hüseynov Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək bu zəfəri bizə qazandıran şəhidlərimizi hörmətlə anıb. Nazir müavini bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə hər bir Azərbaycan vətəndaşında yüksək milli ruh və həmrəylik formalaşdırdı.
Daha sonra tədbirə dəvət olunmuş Vətən müharibəsi iştirakçısı Anar Qasımov keçdiyi döyüş yolundan, müharibədə Azərbaycan əsgərlərinin göstərdiyi igidlik və qəhrəmanlıqlarından bəhs edib.