Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıq inkişaf edir

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə ölkəmizdə səfərdə olmuş Avropa Komissiyasının Qonşuluq Direktorluğunun rəhbəri Mihel Köler mayın 3-də ədliyyə nazirinin müavini Azər Cəfərovla görüşmüşdür.

Ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayan nazir müavini dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu ədliyyə və məhkəmə-hüquq islahatları barədə məlumat vermiş, Avropa Komissiyası ilə birgə "Ədliyyə sahəsində islahatlara dəstək" və "Hərtərəfli İnstitusional Quruculuq" proqramları çərçivəsində görülən işləri, o cümlədən Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi üzrə tədbirləri qeyd etmişdir.

Görüşdə həmçinin, respublikamızın "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə müəyyən olunan perspektiv inkişaf hədəfləri, 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması, bununla əlaqədar ədliyyə orqanları qarşısında duran mühüm vəzifələr, habelə məhkəmə infrastrukturunun təkmilləşdirilməsi, yeni məhkəmələrin yaradılması, hakimlərin sayının iki dəfə artırılması və digər mühüm məsələlər üzrə görülmüş işlərdən danışılmışdır.

Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərə böyük önəm verdiyini bildirən qonaq həyata keçirilən layihələr üzrə görülən işləri yüksək qiymətləndirmiş, Ədliyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyətdən məmnun olduqlarını vurğulayaraq, gələcək əməkdaşlığın prioritetlərinin müəyyən edilməsinin vacibliyini önə çəkmişdir. Avropa Komissiyası ilə birgə ədliyyə sahəsində islahatların uğurla həyata keçirildiyini qeyd edən M. Köler əldə olunan nəticələrin müsbət nümunə olacağına əminliyini vurğulamışdır.

Söhbət zamanı əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq doğuran bir sıra aktual, o cümlədən korrupsiyaya qarşı mübarizə, yuvenal ədliyyə, hüquqi prosedurların sadələşdirilməsi, probasiya və mediasiya institutlarının ölkəmizdə tətbiqi və s. məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez