22-11-2024 | 19:57 1425
Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncama uyğun olaraq 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Bu gün Ədliyyə Nazirliyində peşə bayramı günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə ədliyyə naziri Fərid Əhmədov, nazirliyin rəhbər heyəti və kollektivi Fəxri xiyabanı ziyarət edib. Ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Nazirliyin kollektivi Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini yad edib, məzarları önünə güllər qoyublar.
Nazirliyin inzibati binasında keçirilmiş tədbirdə ədliyyə naziri Fərid Əhmədov çıxış edərək bayram münasibətilə əməkdaşları təbrik edib. Fərid Əhmədov ədliyyə sahəsində aparılan islahatlardan bəhs edib, Nazirliyin qarşısında duran prioritet hədəflər barədə məlumat verib.
Daha sonra nazir ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyətlərinə görə təltif edilmiş bir qrup əməkdaşa “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalını və döş nişanlarını təqdim edib.