08-05-2013 | 04:02 922
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı işlər görülməklə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, yeni təsirli icra mexanizmlərinin tətbiq olunması, icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi, habelə müasir infrastrukturun yaradılması üzrə tədbirlər davam etdirilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Ədliyyə Nazirliyinin Nizami rayon icra şöbəsi üçün əsaslı təmir olunmuş inzibati bina istifadəyə verilmişdir.
Bakı şəhəri Nizami rayon icra hakimiyyəti rəhbərliyinin, hakimlərin, ədliyyə və digər hüquq-mühafizə orqanları əməkdaşlarının, ictimaiyyət və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlət başçısı cənab İlham Əliyev tərəfindən respublikamızda uğurla davam etdirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarından danışmış, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə qərarlarının icrası işinin düzgün təşkilinin əhəmiyyətini, bu sahəyə daim diqqət göstərildiyini vurğulamışdır.
Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramı çərçivəsində ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması, həmçinin icra xidmətinin və onun yerli qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, habelə vətəndaşların müraciətlərinə həssaslıqla baxılması üzrə görülən işlər diqqətə çatdırılmışdır.
Tədbirdə çıxış edən Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov və digər natiqlər vurğulamışlar ki, Nizami rayon icra şöbəsi üçün yeni binanın ümummilli liderin yubileyi ərəfəsində istifadəyə verilməsi əlamətdar hadisədir və vətəndaşların hüquqlarının etibarlı təmin edilməsinə, o cümlədən müraciət imkanlarının asanlaşdırılmasına, habelə icra hərəkətlərinin səmərəli həyata keçirilməsinə xidmət edəcəkdir.