20-01-2025 | 14:00 402
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 35-ci ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyində anım tədbiri keçirilib.
Tədbirdə ədliyyə nazirinin müavini Abiddin Hüseynov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və nazirliyin kollektivi iştirak ediblər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan nazir müavini Abiddin Hüseynov 20 Yanvar hadisələrindən danışaraq bildirib ki, bu tarixi hadisə faciə olmaqla yanaşı, Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi yad olunur.
Aydın Mirzəzadə öz növbəsində qeyd edib ki, Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid versə də, iradəsi sarsılmadı və Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün və bütün ərazisində suverenliyinin bərqərar olunmasının Vətən uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmadığının sübutu olduğunu vurğulayıblar.