07-02-2025 | 10:17 201
Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ədliyyə orqanlarının işçilərinə və hərbi qulluqçularına göstərilən tibbi xidmət səviyyəsinin və səmərəliliyin artırılması məqsədilə tədbirlər həyata keçirir.
Belə ki, Tibb baş idarəsinin poliklinikasında müasir tibbi avadanlıqlar - elektroensefaloqraf, elektromioqraf, daşına bilən monitor, elektrokardioqraf və holter aparatları istifadəyə verilib. Həmçinin rentgenoqraf, USM aparatı və exokardioqrafiya xidmətləri ilə ambulator-poliklinik xidmətlər daha da genişləndirilib.
Stasionar tibbi yardım Tibb baş idarəsinin hospitalında həyata keçirilib, hospital vasitəsilə əsgər və əməkdaşlarla yanaşı, təqaüdçülərə və onların ailə üzvlərinə də stasionar tibbi yardım göstərilib. Zərurət yarandıqda əməkdaşlar və müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgərlər şəhər klinikalarına göndərilərək müalicə olunublar. Əsgərlərin müayinə və müalicəsi üçün Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Baş Klinik Hospitalda müvafiq şərait yaradılıb.
Eyni zamanda, Bakı şəhərindən uzaq yerləşən Mühafizə Alayının bölüklərində vərəm xəstəliyinin erkən diaqnozu üçün yeni rəqəmsal flüromobil alınıb və müayinələrin effektivliyi artırılıb.
Bundan əlavə, tibb xidmətinin keyfiyyətinin artırılması məqsədilə əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Bakı 2 saylı Baza Tibb Kollecinin imkanlarından istifadə edilərək həkimlər və tibb işçiləri ixtisasartırma kurslarına cəlb olunub, beynəlxalq təlimlərdə iştirak ediblər.