IMAGE

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzə Milli Məclisdə nəzərə alınıb


Fevralın 14-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Spiker Sahibə Qafarova gündəliyə 15 məsələnin daxil edildiyini bildirib. O, qeyd edib ki,  qanunvericiliyə uyğun olaraq, hər il Milli Məclis Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini dinləyir. Sədr məsələ ilə əlaqədar olaraq ədliyyə nazirinin müavini Toğrul Hüseynovun, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin rəisi Elmin Həsənovun və rəis müavini Mehdi Abdullayevin iclasda iştirak etdiklərini söyləyib.

Sonra ədliyyə nazirinin müavini Toğrul Hüseynov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəni təqdim edib.

Bildirilib ki, 2024-cü il Azərbaycan üçün mühüm və əlamətdar ictimai-siyasi hadisələrlə zəngin olub. Belə ki, Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edilib. İşğaldan azad edilmiş ərаzilərdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilib, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq əhalinin doğma torpaqlarına qayıdışı təmin olunub. Eyni zamanda ötən il keçirilən növbədənkənar prezident seçkiləri və Milli  Məclisə növbədənkənar seçkilər Azərbaycanın müstəqillik tarixində ilk dəfə ölkənin bütün suveren ərazisini, o cümlədən işğaldan azad edilmiş torpaqları əhatə edib. Bununla yanaşı,  “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuş 2024-cü ildə Azərbaycan dünyanın mötəbər beynəlxalq tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə  Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməklə qlobal əhəmiyyətli qərarların qəbuluna nail olub. Habelə, ölkəmizdə bələdiyyələrin formalaşmasının 25 ilinin tamam olmasi və 2025-ci il yanvarın 29-na təyin edilən növbəti bələdiyyə seçkiləri də ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdəndir.

Qeyd olunub ki, ötən il ərzində yerli özünüidarəetmənin inkişafı məsələləri diqqətdə saxlanılıb, bələdiyyələrin fəaliyyətində qanunçuluğa əməl edilməsi, qanunvericiliyin tələblərinin pozulması hallarının, onları yaradan səbəblərin aradan qaldırılması, bələdiyyələrə göstərilən metodoloji köməkliyin gücləndirilməsi istiqamətində işlər davam etdirilib. Yerli özünüidarəetmənin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilib və mövcud qanunvericiliyə bir sıra zəruri dəyişikliklər edilib.

Diqqətə çatdırılıb ki, hesabat ilində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 102831, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2557  bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 99838 aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Normativ hüquqi aktların tələblərinə zidd olan 2594 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib. Ümumilikdə, həm aktlar həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı 2600-dən çox aktın dəyişdirilməsi və ya ləğv edilməsi təklif olunub.  Bələdiyyələrin fəaliyyəti ilə bağlı baxılmış 4337 müraciətdən 463-ü təmin edilib. Şəhid ailəsi üzvlərinin, müharibə əlili və iştirakçılarının müraciətləri xüsusilə nəzarətdə saxlanılıb və belə müraciətlərdən 108-i təmin olunub.

Qeyd olunub ki, aparılmış araşdırmalar zamanı 51 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 21-i üzrə cinayət işi başlanılıb. Ötən il ərzində 103 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 16 inzibati xəta protokoluna xitam verilib, 11-i isə hazırda məhkəmələrin icraatındadır.

Bildirilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 9720 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib, həmin torpaqların bələdiyyə mülkiyyətinə qaytarılması təmin edilib.

Nəzərə çatdırılıb ki, 2024-cü ildə bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədilə büdcə gəlirlərinin artırılması, o cümlədən vergitutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi və uçotdan kənarda qalan vergitutma obyektlərinin vergiyə cəlb edilməsi, vergilərin və digər debitor borcların qanunauyğun hesablanaraq yığılması, əvvəlki illərdə icarəyə verilmiş bələdiyyə torpaqlarının icarə haqlarının mövcud bazar qiymətlərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilib.

“Elektron icra” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən 2024-cü il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 11290 inzibati akt icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 16785 inzibati akt olub. Onlardan 6669 aktın icrası təmin edilib.

Ötən il ərzində yerli özünüidarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilib. Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib.

İnzibati nəzarət zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınması məqsədilə ayrı-ayrı bələdiyyələrə  vətəndaş məmnunluğunun yüksəldilməsi, bələdiyyə aktlarının qəbulu, vergi və ödənişlərin toplanılmasına nəzarətin gücləndirilməsi, büdcə vəsaitindən istifadə, bələdiyyə torpaqlarının idarə olunması və bir sıra digər məsələləri əhatə edən tövsiyələr göndərilib. Bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdən sonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb.

Qeyd edilib ki, yerli özünüidarəetmə sahəsində aşkarlığın, şəffaflığın, ictimai iştirakçılığın artırılması ilə bağlı da ardıcıl tədbirlər görülüb. İl ərzində yerli özünüidarəetmə sahəsində görülən işlər barədə vətəndaşların məlumatlandırılması, aktual məsələlərlə bağlı bələdiyyələrin maarifləndirilməsi məqsədilə media subyektlərinin imkanlarından geniş istifadə edilib. Hazırlanmış müxtəlif tövsiyələr, bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi üzrə keçirilmiş müxtəlif tədbirlər Ədliyyə Nazirliyinin rəsmi saytında, “Bələdiyyələrlə iş” informasiya sistemində və digər saytlarda işıqlandırılıb. Yerli əhalinin rifahı naminə görülən işlər barədə bukletlər, broşürlər, video-çarxlar hazırlanaraq təqdim olunub. Sosial media vasitələrindən də aktiv istifadə edilərək yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuralarının “facebook” səhifələrində məlumatlar paylaşılıb. Bununla yanaşı, 2024-cü ildə Ədliyyə Nazirliyi tərəfindən, həmçinin müxtəlif maarifləndirmə və tədris tədbirləri təşkil olunub, metodiki tövsiyələr hazırlanıb, digər dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilib.

Bildirilib ki,  ölkəmizdə yerli özünüidarəetmənin səmərəliliyinin artırılması məqsədilə 2024-ci il ərzində Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları, o cümlədən Prezident  Administrasiyası, Milli Məclis və onun aidiyyəti komitələri ilə sıx əməkdaşlıq davam etdirilib. Həmçinin xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları arasında səmərəli təcrübə mübadiləsi aparılıb. 2024-cü ildə ölkəmizdə bələdiyyələrin yaranmasının 25 ilinin tamam olması ilə əlaqədar Milli Məclisin Regional məsələlər komitəsi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları və digər aidiyyəti qurumların iştirakı ilə silsilə tədbirlər keçirilib. Habelə bələdiyyələrin birləşməsi və keçirilmiş növbəti bələdiyyə seçkiləri ilə əlaqədar müvafiq hüquqi maarifləndirmə tədbirləri həyata keçirilməkdədir.

Vurğulanıb ki, ümumilikdə 2024-cü il ərzində görülən işlər ölkəmizdə bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və onların fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsinə xidmət edir.

Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi barədə bu komitənin rəyini diqqətə çatdırıb. Bildirilib ki, 2024-cü ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı mühüm hadisələr baş verib. Belə ki, bələdiyyələrin birləşməsi prosesi baş tutub və artıq bələdiyyələr daha böyük resurslara malik olduğundan bu, onlar tərəfindən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artmasına, bələdiyyə vəsaitlərindən daha səmərəli istifadə edilməsinə imkan yaradacaq. Qeyd edilib ki, cari il yanvarın 29-da ölkənin bütün ərazisində bələdiyyə seçkiləri keçirildi və bu, bələdiyyələrin fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.

Nurlan Həsənov məruzə ilə bağlı fikirlərini açıqlayaraq, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət çərçivəsində 102831 bələdiyyə aktının hüquqi ekspertizadan keçirildiyini, onlardan 97 faizinin qanunvericiliyə uyğun hesab edildiyini və bunun müsbət göstərici olduğunu söyləyib. O, əldə edilən uğurlarla yanaşı, bəzi problemlərin olduğunu və onların həlli istiqamətində görülən tədbirlərin və maarifləndirmə işinin aparıldığının da məruzədə qeyd edildiyini bildirib. Habelə  bələdiyyələrin maliyyə idarəçiliyində şəffaflığın təmin olunması ilə bağlı görülən işlərin müsbət məqamlardan biri olduğunu deyib. Qeyd edib ki, bu istiqamətdə qanunvericilik təkmilləşdirilib, vahid bələdiyyə xərcləri portalının yaradılması təmin olunub və bu, bələdiyyə büdcəsinin formalaşdırılmasında, idarə olunmasında şəffaflığın təmin edilməsini, bələdiyyə büdcəsindən daha səmərəli və məqsədyönlü istifadəni təşviq edir.

Komitə sədrinin müavini məruzənin yüksək səviyyədə hazırlandığını, Regional məsələlər komitəsində geniş müzakirə edildiyini və müsbət rəy verildiyini bildirib.

Məsələ ətrafında müzakirələrdə çıxış edən deputatlar Razi Nurullayev, Kamran Bayramov, Qüdrət Həsənquliyev, Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Əli Məsimli  illik məruzənin qənaətbəxş olduğunu söyləyiblər, bəzi fikir və qeydlərini açıqlayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova öz çıxışında hesabatın ətraflı hazırlandığını, əvvəlki illərdən fərqli olduğunu, bir çox istiqamətlərdə görülən işlər, habelə gələcək planlar haqqında məlumat verildiyini bildirib. O, bugünkü müzakirələrdə deputatlar tərəfindən verilən  təkliflərin də  gələcəkdə nəzərə alınacağını və öz səmərəsini verəcəyini söyləyib. Spiker Milli Məclisin hər zaman əməkdaşlığa hazır olduğunu, parlamentdə çoxsaylı dinləmələrin keçirildiyini, deputatların seçicilərlə mütəmadi görüşdüyünü, mövcud problemlərin həlli ilə bağlı lazımi addımların atıldığını vurğulayıb.

Nazir müavini Toğrul Hüseynov müzakirələr zamanı səsləndirilən fikirlərin Ədliyyə Nazirliyi tərəfindən növbəti ildə hazırlanacaq məruzədə  dəyərləndiriləcəyini və müvafiq işlərin görüləcəyini bildirib.

Sonra Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzə nəzərə alınıb.



iacca
iap
business ready
eplc
Ən Tez