09-05-2013 | 04:02 837
Son illər ədliyyə orqanlarının yüksək hazırlıqlı mütəxəssislər hesabına formalaşdırılması, yeni nəsil hüquqşünasların qulluğa qəbul olunması daim diqqətdə saxlanılaraq, 2004-cü ildən ən şəffaf prosedurlar əsasında keçirilən mütəmadi müsabiqə və müsahibələr nəticəsində 1350-dək şəxs ədliyyənin müxtəlif sahələrinə təyinat almış, işə qəbul edilənlərin böyük əksəriyyəti məhz gənclərdir.
Həmçinin, nazirlik tərəfindən növbəti müsabiqə elan olunaraq yaxın günlərdə test imtahanının keçirilməsi nəzərdə tutulur.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyində təşkil olunan silsilə tədbirlər çərçivəsində xidməti fəaliyyətinin nəticələrinə görə vaxtından əvvəl stajorluq və sınaq müddətindən azad edilərək daimi qulluğa qəbul edilmiş gənc ədliyyə işçiləri ilə Heydər Əliyev muzeyində nazirliyin rəhbərliyinin görüşü keçirilmişdir.
Tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov dahi rəhbər Heydər Əliyevin zəngin irsindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışmış, hüquqi dövlət quruculuğu, müasir ədliyyə və məhkəmə sisteminin yaradılmasına və fəaliyyətinə göstərdiyi yüksək qayğı və diqqəti barədə ətraflı bəhs etmiş, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı üzrə qazanılan nailiyyətlər haqqında məlumat vermişdir.
Nazir ulu öndər Heydər Əliyevin "sağlam mənəviyyat qanun keşiyində duran hər bir məmurumuz üçün əsas meyar olmalıdır" sözlərini xatırladaraq ümummilli liderin hüquq-mühafizə orqanlarında kadrların seçilib yerləşdirilməsi, onların Azərbaycan dövlətinə sədaqətlə xidmət etməsi, yüksək mənəvi keyfiyyətlərə malik olması barədə tapşırıqlarının mahiyyətini gənclərin diqqətinə çatdırmış, konkret tövsiyələr vermiş, yubiley ərəfəsində gəncləri işə qəbul olunmaları münasibətilə təbrik etmişdir.
Sonra qulluğa qəbul edilmiş bir qrup gənc mütəxəssislərə təntənəli şəkildə ilkin xüsusi rütbələr və yeni müasir formalı - elektron çiplə təchiz olunmuş xidməti vəsiqələr təqdim olunmuşdur.
Çıxış edən gənc ədliyyə işçiləri dahi öndər Heydər Əliyevin əbədi həyat verdiyi müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı üçün əzmkarlıqla çalışacaqlarını, ümummilli liderimizin dövlət gənclər siyasətini uğurla davam etdirən ölkə başçısına layiqli yardımçı olacaqlarını söyləmişlər.
Gənclər yubiley münasibətilə əbədiyaşar liderimizin şərəfli həyatı, titanik fəaliyyəti, dövlətçilik irsi ilə bağlı yeni foto və ekspozisiyalarla zənginlənləşdirilərək müasir görkəm almış Heydər Əliyev muzeyi ilə tanış olmuş, kinozalda ümummilli liderə həsr olunmuş filmə baxmışlar.