13-05-2013 | 04:02 798
Ədliyyə naziri Fikrət Məmmədov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşmüşdür.
Azərbaycan və Fransa arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir geniş müqavilə bazasına söykənən bu əlaqələrin müxtəlif, o cümlədən hüquqi sahəni əhatə etdiyini bildirmiş, 2004-cü ildə iki ölkənin Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Sazişin imzalandığını vurğulamışdır.
Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu ədliyyə və məhkəmə islahatları, o cümlədən hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçim prosesi barədə danışmış, islahatlara dəstək vermiş beynəlxalq ekspertlər sırasında fransalı mütəxəssislərin fəal iştirakını qeyd etmişdir.
Azərbaycanın Fransa üçün tərəfdaş ölkə olduğunu vurğulayan qonaq Prezident İlham Əliyevin ötən ilin payızında Fransaya səfərinin hərtərəfli əlaqələrin inkişafına böyük töhfə verdiyini bildirmiş, güclü müstəqil və tolerant olan respublikamızla bütün sahələrdə, o cümlədən hüquqi əməkdaşlığın daha da dərinləşdirilməsində marağını ifadə edərək bunun üçün geniş perspektivlərin olduğunu qeyd etmişdir. Səfir ölkəmizin məhkəmə-hüquq sahəsindəki nailiyyətlərini təqdir edərək əlaqələrin genişləndirilməsinə dəstək verməyə hazır olduğunu söyləmişdir.
Görüşdə iqtisadi və digər sahələrdə əməkdaşlığa xidmət edən məsələlər müzakirə olunmuş, qarşılıqlı fəaliyyətin prioritetlərinə dair faydalı fikir mübadiləsi aparılmışdır.
Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.