21-05-2013 | 04:02 1012
Mayın 21-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Parlamentarilərin Korrupsiyaya qarşı Qlobal Təşkilatının (GOPAC) sədri Edqardo Anqaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazir dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı sərt mübarizə aparıldığını, bu sahədə qanunvericilik və institusional tədbirləri, o cümlədən Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasının və Baş Prokuror yanında eyni adlı idarənin səmərəli fəaliyyətini qeyd etmiş, cəmiyyətdə dözümsüzlük mühitinin formalaşdırılması, hüquq-mühafizə orqanlarında qaynar xətlərin yaradılması və digər tədbirlər barədə məlumat vermişdir.
Eyni zamanda, korrupsiya ilə mübarizədə mühüm rolu olan hakimlərin Avropada ən şəffaf seçimi qeyd olunaraq, Azərbaycanın bu müsbət təcrübəsinin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirildiyi və digər dövlətlərə tövsiyə edildiyi bildirilmişdir.
Qonaqlara ölkəmizin həmtəsisçilərindən biri olduğu və dünyanın 140 ölkəsini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) fəaliyyəti barədə məlumat verilmişdir. Ədliyyə naziri vitse-prezidenti olduğu bu Assosiasiya ilə GOPAC arasında əlaqələrin təşviq olunmasının əhəmiyyətini qeyd etmiş, IAACA-nın tədbirlərində iştiraka dəvət etmişdir.
Azərbaycanın dinamik tərəqqisindən məmnunluğunu ifadə edən qonaqlar ölkəmizdə həyata keçirilən antikorrupsiya tədbirlərini yüksək təəssürat doğurduğunu vurğulayaraq bu sahədə əldə olunmuş nailiyyətləri təqdir etmişlər. E.Anqara təmsil etdiyi qurumun məqsəd və fəaliyyətindən danışaraq korrupsiya ilə mübarizədə qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini söyləmişdir.
Görüşdə əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.