03-06-2013 | 04:02 914
Ulu öndər Heydər Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək dövlətimizin siyasətinin əsas prioritetlərindəndir. Bu amallara sadiq qalan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Parlament tərəfindən "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın qəbul edilməsi ulu öndərin əsasını qoyduğu humanizm ənənələrinin davamının əyani təcəssümüdür.
Cəmiyyətimizdə rəğbətlə qarşılanan və minlərlə ailəyə yüksək sevinc hissi bəxş edən amnistiya aktının Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan icrasına başlanılmışdır.
Davam edən tədbirlər çərçivəsində nazirliyin Xətai və Nəsimi rayon icra şöbələrində vətəndaş cəmiyyətinin, məhkumların qohumları və yaxınlarının, media nümayəndələrinin iştirakı ilə bu humanist qərarın icrası həyata keçirilmişdir.
Nazirliyin İcra baş idarəsinin rəisi Xanlar Zeynalov çıxış edərək ulu öndərin yubileyi münasibətilə qəbul edilmiş amnistiya aktının məhkumlar və bütövlükdə cəmiyyətimiz tərəfindən alqışlandığını, əsası dahi lider tərəfindən qoyulan humanist siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış, bu münasibətlə məhkumları təbrik etmişdir.
Amnistiya aktının Xətai və Nəsimi rayonları üzrə islah işləri növündə cəza çəkən, cərimə cəzasına məhkum olunmuş və azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş 100 nəfərə bir gündə tətbiq edildiyi vurğulanmışdır. Ümumiyyətlə isə qısa müddətdə icra xidməti tərəfindən 1700-ə yaxın məhkuma amnistiya aktı tətbiq olunmuşdur.
Cəzadan azad olunan məhkumlar dövlət başçısı cənab İlham Əliyevə və amnistiya aktının təşəbbüskarı ölkənin birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmiş, bir daha cinayət etməyəcəklərinə və qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə söz vermişlər.
Amnistiya aktının icrası davam etdirilir.