26-09-2008 | 04:02 1296
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov sentyabrın 26-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı missiyasının səlahiyyət müddəti başa çatan və yeni rəhbərləri - cənab Martin Amaşer və cənab Tun Vandenhuvu qəbul etmişdir.
Demokratik hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə insan haqlarının, o cümlədən məhkumların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyini və bu sahədə nüfuzlu beynəlxəlq təşkilatlarla, xüsusilə BQXK ilə səmərəli əməkdaşlığı qeyd edən nazir, bu və digər beynəlxalq təşkilatların nümayəndələrinin, hüquq müdafiəçilərinin penitensiar sistemdə köklü dəyişikliklərin şahidi olduqlarını, islahatlar nəticəsində məhkumların saxlanma şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılaraq beynəlxalq tələblərə uyğunlaşdırıldığını, bu məqsədlə həmçinin yeni penitensiar müəssisələrin inşası və infrastrukturun gücləndirilməsi, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə cəzaların humanistləşdirilməsi və məhkumların hüquqlarının genişləndirilməsinə dair yeni qanunun qəbulunu diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında hələ 2000-ci ildə bağlanmış Sazişə əsasən Komitə nümayəndələrinin mütəmadi olaraq penitensiar müəssisələrə baş çəkməsinin, verilən tövsiyə və təkliflərin əhəmiyyəti vurğulanmış, məhkumlar arasında vərəmə qarşı mübarizədə birgə səylərin çox müsbət nəticələr verdiyi, ölüm hallarının 20 dəfəyə yaxın azaldığı və minlərlə xəstələrin şəfa tapması razılıqla qeyd edilmişdir.
Azərbaycanda çalışdığı müddətdə Ədliyyə Nazirliyi ilə səmimi və işgüzar əməkdaşlıqdan məmnun qaldığını söyələyən cənab Martin Amaşer, Azərbaycanın penitensiar sistemində aparılan köklü islahatların müsbət nəticələr verdiyini, məhkumlara qayğı ilə yanaşıldığını, onların saxlanma şəraitinin, ərzaq, dərman və digər təminatlarının, xüsusilə tibbi xidmətin əsaslı şəkildə yaxşılaşdığını və bu məsələlərin nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirmişdir. O, son vaxtlar vərəmli xəstələrin müalicəsinin yüksək nəticələr verdiyini və buna penitensiar sistemdə idarəetmənin düzgün təşkili sayəsində nail olunduğunu vurğulamış, faydalı və məhsuldar əməkdaşlıq üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirmişdir.
Görüşdə qarşlıqlı əməkdaşlığın perspektivləri ilə bağlı faydalı fikir mübadiləsi aparılmışdır.