09-06-2013 | 04:02 1967
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı mütəşəkkil qaydada davam etdirilən açıq müsabiqələr çərçivəsində iyunun 9-da 415 namizədin iştirakı ilə növbəti test imtahanı keçirilmişdir.
Namizədlərin çoxluğu ilə fərqlənən ixtisas imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə aşkarlıq şəraitində vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilmiş və imtahanı yerli və beynəlxalq müşahidəçilər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri izləmişlər.
Şəffaflığın təmin edilməsi məqsədilə imtahan prosesi internetdə "on-line" rejimində birbaşa yayımlanmışdır.
İmtahanda namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur. Yekun nəticələrə görə 95 namizəd müvəffəqiyyət qazanmışdır.
Qeyd edilir ki, müsabiqədə iştirak edən hüquqşünasların test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə onlar üçün Ədliyyə Akademiyasında hazırlıq kursu təşkil olunmuşdur.
Bildiririk ki, test imtahanında müvəffəqiyyət qazanmış namizədlər söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş günü ərzində, saat 09-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Sənədlərin siyahısı nazirliyin internet səhifəsində yerləşdirilmişdir.
Ədliyyə orqanlarına qulluğa qəbul üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır.
Söhbətin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcəkdir.
Test imtahanının nəticələri haqqında Ədliyyə Nazirliyinin və TQDK-nın (www.tqdk.gov.az) internet saytlarından, eləcə də (012) 538-01-62, (012) 538-08-15 nömrəli telefonlar vasitəsilə ətraflı məlumat almaq olar.