10-06-2013 | 04:02 1232
İyunun 10-da ədliyyə naziri Fikrət Məmmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri səfir Roland Kobianı qəbul etmişdir.
Avropa İttifaqı ilə səmərəli əməkdaşlığı vurğulayan nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, hakimlərin sayının artırılması, onların Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, habelə ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işləri, həmçinin, infrastrukturun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin və elektron xidmətlərin tətbiqi barədə məlumat vermişdir. Nazir ədliyyə sahəsində həyata keçirilən tədbirlərə dəstək göstərilməsində və mühüm layihələrin uğurla reallaşmasında səfir Roland Kobianın xidmətlərini qeyd etmiş, gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Ölkəmizdə fəaliyyətdən məmnunluq ifadə edən R.Kobia Avropa İttifaqının Azərbaycanla hərtərəfli, xüsusilə ədliyyə sahəsində sıx əməkdaşlıq etdiyini və bu sahənin Aİ-nin əsas prioritetlərindən olduğunu vurğulamışdır. Qonaq Ədliyyə Nazirliyi ilə qarşılıqlı tərəfdaşlığı və işçilərin peşəkarlığını yüksək dəyərləndirmiş, birgə həyata keçirilən "Ədliyyə sahəsində islahatlara dəstək" layihəsinin uğurla icra olunacağına əminliyini bildirmiş, Azərbaycandan xoş təəssüratla ayrıldığını söyləmişdir.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.