12-06-2013 | 04:02 1146
İyunun 12-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş prokuroru Hesen Erbilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Tarixən qədim köklərə bağlı olan dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirən nazir dövlətlərimizin rəhbərlərinin müntəzəm qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafında xüsusi rolunu vurğulamış, zəngin müqavilə bazasına söykənən hüquqi əlaqələrin əhəmiyyətini qeyd etmiş, Baş prokurorun səfərinin qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsinə böyük təkan verəcəyini söyləmişdir.
Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin və elektron xidmətlərin tətbiqi, həmçinin hakimlərin ən şəffaf seçimi və tədrisi barədə məlumat vermiş, bu sahədə qardaş Türkiyənin dəstəyini təqdir edərək tədris tədbirlərində türk prokurorlarının iştirakını vurğulamışdır.
Milli qurtuluş günün 20 illiyi ərəfəsində ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edən H.Erbil Azərbaycan və Türk liderlərinin sayəsində iki dövlət arasında qurulmuş münasibətlərin ən yüksək səviyyəyə çatdığını bildirmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qazandığı nailiyyətləri təqdir edərək səfər zamanı hərtərəfli dinamik tərəqqidən heyran qaldığını vurğulamışdır. Qonaq hüquqi sahədə əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əmin olduğunu bildirmiş, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etmişdir.
Görüşdə həmçinin, iki ölkənin Ədliyyə akademiyaları arasında əməkdaşlıq, inzibati ədliyyə, hakimlərin və prokurorların tədrisi, habelə penitensiar infrastrukturun müasirləşdirilməsi və digər maraq kəsb edən məsələlər üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.