19-06-2013 | 04:02 774
Mətbuatda xəbər verildiyi kimi, may ayının 7-də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Parlament tərəfindən qəbul edilmiş "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarla 9000-dən çox şəxsin müxtəlif cəzalardan azad olunması gözlənir. Bu humanist akt cəmiyyətimizdə böyük rəğbətlə qarşılanmış və minlərlə ailəyə yüksək sevinc hissi bəxş etmişdir.
Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən amnistiya aktının vaxtında və düzgün icrası xüsusi diqqətdə saxlanılaraq bütün zəruri tədbirlər görülmüş, nazirliyin məsul əməkdaşlarından ibarət qruplar tərəfindən təxirəsalınmadan qərarın icrasına başlanılmışdır.
Amnistiya qərarının icrası gündəlik olaraq davamlı şəkildə həyata keçirilir və bu prosesdə şəffaflığın və aşkarlığın tam təmin olunması, ictimaiyyətin məlumatlandırılması məqsədilə məhkumların qohumları və yaxınları, vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının, o cümlədən ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai komitənin üzvləri, ombudsmanın, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri yaxından iştirak edirlər.
Humanist aktın icrası üzrə görülən işlər ümumiləşdirilərək müəyyən edilmişdir ki, qərarın qəbul olunmasından bu günədək 5800-dən çox məhkum barəsində amnistiya aktı tətbiq olunmuş, onlardan 1700-dən çoxu cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış, 114 məhkumun cəzasının qalan hissəsi 6 ay azaldılmış, eyni zamanda, icra xidmətinin ayrı-ayrı yerli qurumları tərəfindən 4000-dən çox şəxs ictimai və islah işləri, cərimə və digər cəza növlərindən azad edilmişlər.
Hazırda amnistiya aktının icrası davam edir və bu humanist qərarın ictimai əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Nazirliyi tərəfindən şəffaflıq və aşkarlıq prinsipləri rəhbər tutulmaqla aktın icrası ilə bağlı məlumatların dəqiq və obyektiv şəkildə ictimaiyyətə çatdırılması bundan sonra da təmin ediləcəkdir.