İsrail Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz ilə görüşmüşdür.

Azərbaycan ilə İsrail arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatlarına toxunaraq əldə olunmuş nailiyyətləri, o cümlədən hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçimini, məhkəmə infrastrukturunun müasir-ləşdirilməsini vurğulamışdır.

Ölkələrimiz və xalqlarımız arasında yaxşı münasibətlərin olduğunu söyləyən səfir İsrail dövlətinin Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulamış, Prezident Şimon Peresin xalqımızın ümummilli lideri Heydər Əliyev ilə dostluq münasibətlərini xatırladaraq bu əlaqələrin dövlət başçısı İlham Əliyev ilə uğurla davam etdirildiyini bildirmişdir. Qonaq əlaqələrimizin müxtəlif sahələrdə inkişafını qeyd etmiş, respublikamızın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirmiş, tolerantlıq baxımından Azərbaycanın digər dövlətlər üçün model olduğunu demişdir. R.Harpaz ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulamış, məcburi köçkünlərin şəraiti ilə yerindəcə tanış olduğunu bildirmişdir.

Səfir iki ölkə arasında hüquqi əlaqələrin genişləndirilməsində marağını ifadə edərək, bunun üçün dəstək verməyə hazır olduğunu söyləmiş, bir sıra təkliflər irəli sürmüşdür.

Görüşdə əməkdaşlıq məsələləri, o cümlədən hakimlərin və digər hüquqşünasların peşəkarlığının artırılması və təcrübə mübadiləsi məqsədilə beynəlxalq seminarlarda iştirakı, habelə hüquqi yardım və digər maraq kəsb edən məsələlər müzakirə olunmuşdur.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez