27-06-2013 | 04:02 1535
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizdə genişmiqyaslı məhkəmə-hüquq islahatları aparılır, bu zaman qabaqcıl dünya təcrübəsinin tətbiqi üçün nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edilir.
Belə ki, Azərbaycanda aparılan uğurlu məhkəmə-hüquq islahatlarına dəstək vermək üçün Dünya Bankının təşəbbüsü ilə "Ədliyyə sisteminin müasirləşdirilməsi" adlı birgə Layihə həyata keçirilir. Həmin sənədin icrası çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, artıq 4 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilmiş, 7 məhkəmə üçün bina və komplekslər intensiv inşa olunur.
Həmin layihə Dünya Bankı tərəfindən ən uğurlu layihələrindən hesab olunmaqla "Azərbaycan Respublikası vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması" nominasiyasında qalib gəlmişdir.
Azərbaycanın nailiyyətlərinin dünyada geniş təbliğinə böyük əhəmiyyət verən Dünya Bankı bu məqsədlə və həmçinin, əməkdaşlığın genişləndirilməsi məsələsinin müzakirəsi üçün ölkəmizin ədliyyə nazirini, Məhkəmə-Hüquq Şurasının sədrini Fikrət Məmmədovu nümayəndə heyəti ilə Bankın Vaşinqtonda (ABŞ) yerləşən baş qərargahına səfərə dəvət etmişdir.
Səfər zamanı Dünya Bankının hüquq və maliyyə məsələləri üzrə vitse-prezidentləri və digər yüksək səviyyəli şəxslər ilə məhsuldar görüşlər keçirilmişdir.
Görüşlərdə nazir F.Məmmədov məhkəmə və ədliyyə sistemində aparılan islahatlar barədə ətraflı məlumat vermiş, xüsusilə infrastrukturun müasirləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə görülən işləri qeyd etmişdir. Həmçinin, penitensiar sistemdə və digər sahələrdə Azərbaycanın artıq dünyada geniş yayılan nümunəvi təcrübəsi barədə danışılmışdır.
Nazir korrupsiyaya qarşı qəti mübarizə tədbirlərinə toxunaraq ölkə başçısının tapşırığı ilə müasir İKT-lərin hərtərəfli tətbiqini, yeni şəffaf, innovativ və elektron xidmətlərin yaradıldığını diqqətə çatdırmış, Azərbaycanın yeni brendi sayılan "ASAN" xidmətin mütərəqqi fəaliyyətini vurğulamışdır.
Həmçinin, həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunmuşdur.
Dünya Bankının təmsilçiləri Azərbaycan həqiqətlərindən məlumatlı olduqlarını, məhkəmə-hüquq islahatlarının qısa müddətdə mükəmməl, əhatəli və kompleks şəkildə aparılmasından və yüksək nəticələrə nail olunmasından heyran qaldıqlarını söyləmiş, bu münasibətlə Azərbaycan tərəfini təbrik edərək ölkəmizin müsbət təcrübəsinin digər dövlətlərə unikal nümunə olduğunu qeyd etmiş, respublikamızın bu sahədə nailiyyətlərinin dünyada daha geniş təbliğ olunmasının əhəmiyyətini vurğulamışlar.
Eyni zamanda, əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunmuş, bu sahədə yeni layihəyə dair danışıqlar aparılmışdır. Bankın rəhbərliyi qarşılıqlı fəaliyyəti və Ədliyyə Nazirliyi əməkdaşlarının peşəkarlığını yüksək qiymətləndirmiş, nümayəndə heyətimizin işin səmərəsinin artırılmasına və layihədə nəzərdə tutulan bütün məqsədlərə tam nail olunmasına yönəlmiş təkliflərini qəbul etmişdir.
Səfər zamanı ölkəmizdə aparılan islahatlara və Dünya Bankı ilə birgə həyata keçirilən Layihəyə həsr olunmuş xüsusi təqdimat tədbiri keçirilmişdir. Bankın aidiyyəti məsul əməkdaşlarının iştirak etdiyi və telekörpü vasitəsilə digər bölgələrə yayımlanan mərasimdə Azərbaycan nümayəndə heyəti tərəfindən geniş prezentasiyalar edilmişdir.
Təqdimat zamanı respublikamızda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair görülmüş qanunvericilik və institusional tədbirlər, əhalinin məhkəmələrə çatımlılığının yaxşılaşdırılması üzrə işlər qeyd olunaraq, bu məqsədlə son illər 20-dək yeni, o cümlədən regional apellyasiya məhkəmələrinin və inzibati ədliyyənin yaradıldığı vurğulanmışdır.
Bildirilmişdir ki, son illər hakimlərin sayı iki dəfə artırılmış, onların dünyada ən şəffaf qaydalarla seçimi aparılır və artıq Azərbaycanın bu sahədə müsbət təcrübəsi Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilərək digər dövlətlərə tövsiyə edilir. Eyni zamanda, hakimlərin tədrisinə xüsusi əhəmiyyət verilərək, onların treninqinə nüfuzlu xarici mütəxəssislər, o cümlədən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri cəlb edilirlər, habelə beynəlxalq təcrübəni öyrənmələri məqsədilə hakimlərin və hakimliyə namizədlərin xaricə tədris səfərləri təşkil olunur.
Həmçinin, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, əhalinin müraciət imkanlarının yaxşılaşdırılmasına xidmət edən, korrupsiya ilə mübarizədə mühüm önəm kəsb edən ən qabaqcıl İKT-lərin tətbiqi üzrə əldə olunmuş nailiyyətlər qeyd olunaraq bu tədbirlərdə Dünya Bankının yaxından iştirakı və fəal dəstəyi xüsusi vurğulanmışdır.
Eyni zamanda, tədbirdə Azərbaycan tərəfindən Layihənin rəhbəri, ədliyyə nazirinin müavini A.Cəfərov birgə aparılan Layihə, onun məqsədi və gedişatı, əldə olunmuş müsbət nəticələr və gələcəkdə duran vəzifələr barədə məlumatlar vermişdir.
Böyük marağa səbəb olan və yüksək qiymətləndirilən təqdimat mərasimində iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Dünya Bankının rəsmiləri Azərbaycanın uğurlarını xüsusi qeyd etmiş, islahatların müsbət nəticələrinin ölkəmizin dünyada imicinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamış, bu cür təqdimatların digər ölkələr üçün edilməsinin vacibliyini qeyd etmişlər.
Səfər nəticəsində Dünya Bankı tərəfindən əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı niyyət ifadə edilmiş, yeni, daha əhatəli layihənin bağlanılmasına dair razılıq əldə olunaraq bu məqsədlə Bankın missiyasının ölkəmizə səfəri razılaşdırılmışdır.
Həmçinin, respublikamızda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərə alınaraq səfər çərçivəsində ABŞ-ın məhkəmə sistemi və infrastrukturu ilə tanış olunmuş, Ali Məhkəməyə, ən müasir İKT-lərlə təchiz olunmuş və üç məhkəməni birləşdirən məhkəmə kompleksinə baş çəkilmiş, iş şəraiti ilə maraqlanılmış, hakimlər və məhkəmə işçiləri ilə görüş keçirilərək faydalı təcrübə mübadiləsi aparılmışdır.