01-07-2013 | 04:02 1492
ABŞ-da səfərdə olan ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov BMT-nin Nyu Yorkdakı Baş Qərargahında təşkilatın Baş katibinin hüquqi işlər üzrə müavini xanım Patrisiya O’Brayn ilə görüşmüşdür.
Azərbaycan və BMT arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf etdiyini vurğulayan nazir ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə-hüquq sistemində aparılan islahatlardan və qazanılan nailiyyətlərdən danışmış, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, hakimlərin sayının artırılması, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, hakim və hakimliyə namizədlərin nüfuzlu beynəlxalq hakim və ekspertlərin iştirakı ilə ölkəmizdə və xaricdə tədrisi, yeni məhkəmələrin yaradılması, müasir məhkəmə binalarının inşası və bu sahədə qabaqcıl İKT-lərin tətbiqi üzrə görülən işləri qeyd etmiş, habelə korrupsiyaya qarşı aparılan qəti mübarizədən, o cümlədən Azərbaycanın yeni brendi - "ASAN" xidmətin fəaliyyətindən danışmışdır.
BMT-nin Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edən xanım O’Brayn ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarını təqdir etmiş, qazanılmış nailiyyətlərdən heyran qaldığını söyləmişdir. Baş katibinin müavini Azərbaycanda məhkəmə sisteminin, o cümlədən infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlərin vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasında əhəmiyyətini vurğulamış, ölkəmizin bir sıra sahələrdə müsbət təcrübəsinə böyük maraq göstərmişdir.
Tədbirdə qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla davam edəcəyinə əminlik ifadə edilmiş, maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
Görüşdə ölkəmizin BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev iştirak etmişdir.