09-02-2009 | 04:02 633
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir
Dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi, hüquqi təsisatların möhkəmləndirilməsi, beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi ədliyyə və məhkəmə orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsini, onun maddi-texniki bazasının modernləşdirilməsini şərtləndirir.
“Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013-cü illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) ədliyyə sahəsində daha sürətli inkişafı təmin etmək üçün əsas vəzifələri, istiqamətləri və yerinə yetirilməli olan tədbirləri müəyyən edir.
Dövlət Proqramının məqsədi və əsas vəzifələri
Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında ədliyyə sahəsində dövlət siyasətinin daha uğurla həyata keçirilməsini, ölkədə aparılan məhkəmə-hüquq islahatlarının davam etdirilməsini, ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafını təmin etməkdən ibarətdir.
Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
ədliyyə sahəsində islahatların davam etdirilməsi və bu sahədə inkişafın təmin edilməsi;
ədliyyə sistemində və məhkəmələrdə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi işinin sürətləndirilməsi;
müasir tələblərə cavab verən yeni iş prosesinin təşkil edilməsi;
cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi;
ədliyyə sisteminin və məhkəmələrin infrastrukturunun yeniləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi;
vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət etmək imkanlarının genişləndirilməsi.
Dövlət Proqramının əsas istiqamətləri
Müəyyən edilmiş əsas vəzifələrə uyğun olaraq Dövlət Proqramında Azərbaycan ədliyyəsinin 2009-2013-cü illərdə aşağıdakı əsas istiqamətlərdə inkişaf etdirilməsi nəzərdə tutulur:
ədliyyə sistemində qanunvericilik bazasının təkmilləşdirilməsi;
ədliyyə orqanlarının və məhkəmələrin informasiya resurslarının işlənməsində müasir texnologiyaların tətbiqi;
ədliyyə orqanlarının fəaliyyətinə zəruri şərait yaradılması və maddi-texniki təchizatının yaxşılaşdırılması;
ədliyyə sistemində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılması;
Penitensiar Xidmətin fəaliyyətinin müasirləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması;
məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun müasir dövrün tələblərinə uyğunlaşdırılması;
ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi.
Gözlənilən nəticələr
Dövlət Proqramının yerinə yetirilməsi aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir:
ədliyyə sisteminin inkişafı ilə bağlı dövlət tərəfindən, habelə beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrin sürətlənməsinə;
ölkənin hüquqi təsisatlarının möhkəmləndirilməsində ədliyyə orqanlarının rolunun artmasına;
ədliyyə orqanlarında avtomatlaşdırılmış informasiya sisteminin və məhkəmələrin fəaliyyətində yeni texnologiyaların tətbiq edilməsinə;
ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində aşkarlığın artmasına;
vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət etmək və onların fəaliyyəti barədə məlumat almaq imkanlarının genişlənməsinə;
ədliyyə sisteminin maddi-texniki bazasının daha da möhkəmlənməsinə;
həbs olunmuş və məhkum edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşmasına;
məhkumların ictimai faydalı əməyə cəlb olunmasına;
hakimlərin, ədliyyə orqanları və məhkəmə aparatı işçilərinin peşəkarlıq səviyyəsinin artmasına;
kadr potensialının güclənməsinə;
ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin güclənməsinə, onların yaşayış şəraitinin yaxşılaşmasına.
Dövlət Proqramının maliyyə təminatı
Dövlət Proqramının maliyyə təminatı aşağıdakı maliyyə mənbələri hesabına həyata keçiriləcəkdir:
dövlət büdcəsindən ayırmalar;
beynəlxalq təşkilatların maliyyə dəstəyi;
qanunvericiliklə müəyyən olunmuş digər mənbələr.