Çin Azərbaycanla hüquqi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan hərtərəfli islahatlar respublikamızın beynəlxalq hüquqi inteqrasiyasını da sürətləndirmişdir. Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə əməkdaşlığın daha da genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu prosesin hüquqi tənzimlənməsi məqsədilə Rusiya, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, İran, İordaniya, Litva və s. dövlətlərlə müqavilələr bağlanmış, eləcə də ölkəmiz Avropa və MDB-nin müvafiq konvesiyalarına qoşulmuşdur.

Qeyd olunan dövlətlər sırasında Çin Xalq Respublikası ilə hüquqi əməkdaşlığa böyük önəm verilərək 2005-ci ildə Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri zamanı dövlətlərimiz arasında cinayətkarların ekstradisiyası (təslimetmə) haqqında müqavilənin, həmçinin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Sazişin imzalanması hüquqi əlaqələrin inkişafına təkan vermişdir.

Son illər bu əlaqələr daha da intensivləşmiş, təkcə bu il Çinin Baş prokuroru Çao Cianminqin, ədliyyə nazirinin müavini Can Sucunun rəhbərlik etdikləri nümayəndə heyətləri ölkəmizə səfərlər etmiş, genişmiqyaslı məhkəmə-hüquq islahatları ilə tanış olmuşlar. Həmçinin, qarşılıqlı fəaliyyətin perspektivlərinə dair səmərəli görüşlər keçirilmiş, iki dövlətin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında yeni Saziş imzalanmışdır.

Eyni zamanda, ölkələrimiz arasında müvafiq müqavilənin olmamasına baxmayaraq qarşılıqlıq prinsipinə və iki ölkənin Ədliyyə nazirlikləri arasında əldə olunmuş razılığa əsasən məhkumların verilməsi prosesi həyata keçirilməkdədir. Habelə, son zamanlar ölüm cəzasına məhkum olunmuş iki vətəndaşımızın cəzaları azadlıqdan məhrumetmə ilə əvəz edilmişdir. Bu məsələlərdə həmçinin ölkəmizin Çindəki Səfirliyi öz səylərini göstərmişdir.

Bununla belə bu prosesin hüquqi çərçivəyə salınması və intensivləşdirilməsi üçün müvafiq müqavilə layihəsi hazırlanaraq qarşılıqlı məsləhətləşmələr aparılmışdır.

Mətbuatda xəbər verildiyi kimi, Çin Xalq Respublikası Ədliyyə Nazirliyinin xarici əlaqələr xidmətinin və həbsxana administrasiyasının rəhbərləri nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlmişlər. Geniş tərkibli nümayəndə heyətinə məhkəmə, prokurorluq, habelə daxili və xarici işlər nazirliklərinin məsul şəxsləri daxil olunmuşdur.

Səfər zamanı nümayəndə heyəti Ədliyyə Nazirliyinin Penitensiar xidmətində olmuş, məhkumların verilməsi haqqında müqavilə layihəsi ətrafında məhsuldar danışıqlar aparılmışdır. Qonaqlar həmçinin, bu sahədə aparılan islahatlarla yaxından tanış olmaq məqsədilə beynəlxalq standartlara uyğun inşa olunmuş müasir tipli Bakı istintaq təcridxanasına baş çəkmiş, məhkumların saxlanma şəraitinin, onlara göstərilən tibbi xidmətin yüksək səviyyədə təşkilindən heyran qaldıqlarını vurğulamışlar.

Avqustun 14-də ədliyyə naziri Fikrət Məmmədov Çinin nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə iki ölkə arasında hüquqi əlaqələrin dinamik inkişafı qeyd olunmuş, hazırkı səfərin iki ölkənin ədliyyə orqanları arasında əlaqələrin genişləndirilməsinə əlavə təkan verdiyi bildirilmiş, son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı ədliyyə, o cümlədən penitensiar islahatlar qonaqların diqqətinə çatdırılmışdır.

Dost olan Azərbaycanla münasibətlərin yüksək səviyyədə olduğunu bildirən qonaqlar ölkəmizin dinamik inkişafını təqdir etmiş, ədliyyə, o cümlədən penitensiar sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və bu əlaqələrin dərinləşdirilməsinin prioritet təşkil etdiyini bildirmişlər.

Qonaqlar nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.

Nümayəndə heyəti həmçinin, məhkəmə sistemindəki genişmiqyaslı islahatlara maraq göstərərək müasir üslubda inşa edilmiş və ən qabaqcıl İKT-lərlə təchiz olunmuş Ali Məhkəmənin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binaları ilə tanış olmuş, yaradılmış yüksək şəraitdən məmnunluğunu ifadə etmişdir.

Yekun olaraq Azərbaycan və Çin arasında məhkumların verilməsi haqqında müqavilə layihəsi paraflanmış və müvafiq razılaşma Protokolu imzalanmışdır. Çin tərəfi müqavilənin Pekində imzalanmasını təklif etmişdir.

Bu mühüm müqavilənin imzalanması ilk növbədə, məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin edilməsinə, vətəndaşlarımızın ailələrinə yaxın ərazidə cəza çəkmələrinə, yaxınları ilə görüşmək imkanlarının genişləndirilməsinə və sosial adaptasiyasına kömək etməklə həmin məhkumların islah olunaraq gələcəkdə cəmiyyətə qovuşmaqlarını asanlaşdıracaqdır.

Ümumiyyətlə, bu kimi dövlətlərarası sənədlərin implementasiyası nəticəsində son illər Ədliyyə Nazirliyi tərəfindən 142 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 280 soydaşımızın isə Azərbaycana gətirilməsinə nail olunmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez