29-08-2013 | 04:02 992
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin Kollegiya iclası keçirilmişdir.
İclasda çıxış edən nazir ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş hərtərəfli inkişaf strategiyasına uyğun olaraq son illər ölkəmizin sürətli iqtisadi tərəqqiyə nail olduğunu, əhalinin rifahının günbəgün yaxşılaşdığını, Azərbaycanın dünyada imicinin xeyli yüksəldiyini vurğulamış, respublikamızın sosial-iqtisadi tərəqqisi çərçivəsində ədliyyə və məhkəmə islahatlarının nailiyyətlərini qeyd etmişdir.
Kollegiyada ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, habelə Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Bildirilmişdir ki, ölkəmizdə aparılan geniş qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edən nazirlik cari ilin 6 ayında 334 normativ hüquqi aktın layihəsini hazırlamış, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 753 belə aktı hüquqi ekspertizadan keçirmişdir. Əhalinin təmənnasız istifadə etdiyi milli qanunvericiliyin elektron bazasına (e-qanun.az) və Hüquqi Aktların Dövlət Reyestrinə (huquqiaktlar.gov.az) 846 sənəd daxil edilmiş və bazada sənədlərin sayı 26.000-ə çatmışdır.
Həmçinin, notariat hərəkətlərinin sayı 1,7 milyonu ötmüş, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 168 mindən çox əməliyyat aparılmışdır. Onlardan doğum faktının qeydiyyatı 78.700-ə, nikahların sayı da 15% artaraq 38.500-ə çatmışdır. Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayı artmış, bu il 70 belə qurum dövlət qeydiyyatına alınmış, 72 mətbu nəşr uçota götürülmüşdür. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3.900-ə çatmış, KİV-lərin sayı isə 4.800-ü ötmüşdür.
Dövlət Proqramına uyğun olaraq ədliyyə orqanlarında korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayan müasir İKT-lərin daha geniş tətbiqi üzrə xeyli işlər görülmüş, o cümlədən 2013-cü ilin dövlət başçısı tərəfindən "İKT ili" elan olunması ilə əlaqədar ədliyyə fəaliyyəti ilə bağlı 17 elektron xidmət növündən əksəriyyəti artıq istifadəyə verilmiş, www.exidmet.justice.gov.az saytının yeni versiyası hazırlanmış, elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılmışdır. Həmçinin, qeyri kommersiya qurumlarının qeydiyyatı və mətbu nəşrlərin uçotu prosedurları ilə bağlı elektron xidmətlər hazırlanmış, habelə "Elektron notariat" sistemi də yaradılaraq sınaq rejimində 24 notariat kontorunda istismara verilmişdir. Notariat orqanlarında istifadə olunan elektron xidmət köşklərində ödənişlərin plastik bank kartları vasitəsi ilə aparılması təşkil edilmiş, qeydiyyat orqanlarında da bu müsbət təcrübənin tətbiqinə başlanılmış və "pay-point" ödəniş terminallarının ilk nümunəsi sınaqdan keçirilməsi üçün Səadət Sarayında quraşdırılmışdır.
Eyni zamanda, Məhkəmə-Hüquq Şurası ilə birgə məhkəmələr tərəfindən elektron xidmətlərin göstərilməsi işində mobil operatorların və internet resurslarının imkanlarından geniş istifadəsi üzrə tədbirlər görülmüş, məhkəmə prosesi tərəflərinə SMS vasitəsilə bildirişlərin göndərilməsi təcrübəsi pilot layihə qaydasında bir sıra məhkəmələrdə tətbiq olunur.
İstehlakçıların hüquqlarının qorunmasına xidmət edən və artıq iş adamları üçün əməli əhəmiyyət daşıyan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin (yoxlama.gov.az) fəaliyyəti təkmilləşdirilmiş, nazirliyin internet səhifəsində elektron xidmətlər bölməsinə və "1650" avtomatlaşdırılmış telefon xidmətinə sahibkarlara məlumat almaq və müraciət etmək imkanı yaradan funksiyalar əlavə olunmuşdur.
İclasda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanundan və onun tətbiqi barədə ölkə Prezidentinin 28 avqust tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunaraq bu mühüm sənədin ədliyyə orqanlarında mütəşəkkil icrası ilə bağlı konkret tapşırıqlar verilmişdir.
Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin yüksəldilməsi üzrə əsaslı tədbirlər görülür. Bu ilin birinci yarısında da icra işlərinin sayı 26,5% artaraq 142.200-ə çatmış, onlardan 96.500-nin icrası təmin edilmiş, hüquqi və fiziki şəxslərə 56 milyon manatdan çox vəsaitin ödətdirilməsinə nail olunmuşdur. Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1.300 şəxs inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə qərarlarını qərəzli olaraq icra etməyən şəxslərlə bağlı 136 cinayət işi başlanmış, 1.832 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.
Eyni zamanda, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması mexanizmi xeyli təkmilləşdirilmiş, insan hüquqlarının təmin olunması baxımından qadağanın daha çevik götürülməsi məqsədilə icra xidmətində "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi quraşdırılmış, nazirliyin internet saytında qadağa qoyulmuş şəxslərin müəyyən edilməsinə dair elektron xidmət işlənilərək istifadəyə verilmişdir.
Bu ilin 6 ayında inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılmış, 1155 akt nazirliyin təklifləri əsasında ləğv edilmiş və ya dəyişdirilmiş, pozuntulara yol verən bələdiyyə sədrləri inzibati məsuliyyətə cəlb olunmuş, cinayət xarakterli 16 fakt üzrə materiallar prokurorluğa göndərilmişdir.
Məhkəmə ekspertizası sahəsində nazirliyə 36 ekspert ixtisası üzrə 11 mindən çox iş daxil olmuş, ekspertlər 113 minədək suala cavab verməklə qaldırılmış məsələlərin 99,5%-ni həll etmişlər. Eyni zamanda, ekspertiza növlərindən 4-nün beynəlxalq standartlara cavab verməsi ilə bağlı müvafiq sertifikat verilmişdir.
Dövlət Proqramı çərçivəsində ədliyyə və məhkəmə infrastrukturunun təkmilləşdirilməsi daim diqqətdə saxlanılmışdır. Belə ki, nazirliyin mühüm istiqamətlərindən olan penitensiar sistemin inkişafı, məhkumların saxlanma şəraitinin müasirləşdirilməsi və onların tibbi təminatının yaxşılaşdırılması üzrə xeyli işlər görülmüş, o cümlədən Şəkidə yeni müasir tipli penitensiar kompleks inşa olunaraq istifadəyə verilmişdir.
Bununla yanaşı, cari ilin birinci yarısında Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində məhkəmə infrastrukturunun yeniləşdirilməsi üzrə tədbirlər davam etdirilmiş, o cümlədən Şəki və Sabunçu məhkəmə komplekslərinin, Quba Rayon Məhkəməsinin yeni binasının təməli qoyularaq intensiv inşası aparılır.
Qeyd olunmalıdır ki, Dünya Bankının dəvəti ilə ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtonda səfərdə olmuş, Bankın rəhbərliyi ilə keçirilmiş görüşlərdə məhkəmə və ədliyyə islahatları, habelə birgə Layihə barədə ətraflı təqdimatlar keçirilmişdir. Ölkəmizdə bu sahədə görülmüş işlər yüksək qiymətləndirilmiş, müsbət təcrübəmizin dünyada geniş təbliğ olunmasının əhəmiyyəti və birgə Layihəmizin ən uğurlu layihələrdən olduğu vurğulanmışdır. Həmçinin, əməkdaşlığın genişləndirilməsi ilə bağlı niyyət ifadə olunmuş, yeni layihənin həyata keçirilməsinə dair razılıq əldə edilmişdir.
Dövlət Proqramının mühüm istiqamətlərindən olan beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verilərək, Hindistanla mülki və ticarət, habelə cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya haqqında dövlətlərarası müqavilələr, Çinin Ədliyyə Nazirliyi ilə əməkdaşlığa dair yeni Saziş, Fransanın Milli Məhkəmə-prokurorluq Məktəbi ilə Ədliyyə Akademiyası arasında Əməkdaşlıq haqqında Protokol imzalanmışdır. Həmçinin, beynəlxalq öhdəliklərdən irəli gələn hüquqi yardım, ekstradisiya məsələlərinin icrası ilə bağlı beynəlxalq sorğu və sənədlərin sayı 5800-ə yaxın olmuş, xaricdə məhkum olunmuş soydaşlarımızın öz ailələrinə yaxın ərazidə cəza çəkmələri üçün Azərbaycana gətirilməsi prosesi davam etdirilmişdir.
İclasda Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının bu ilin sonunda başa çatması nəzərə alınaraq, ədliyyə fəaliyyətinin gələcək inkişafı üzrə yeni strateji istiqamətlərin müəyyən olunması ilə bağlı tapşırıqlar verilmişdir.
Kollegiyada həmçinin, mövcud nöqsan və çatışmazlıqlar müzakirə olunmuş, ədliyyə orqanlarının fəaliyyətində səmərəliliyin yüksəldilməsi, vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılması, korrupsiyaya şərait yaradan hallara qarşı qəti mübarizənin aparılması, etik davranış qaydalarına dönmədən riayət olunması, ədliyyə fəaliyyətində şəffaflığın artırılması, müasir İKT-lərin tətbiqi dairəsinin genişləndirilməsi və s. üzrə konkret tədbirlər müəyyən olunmuşdur.
Eyni zamnada, icra işinin yaxşılaşdırılması, penitensiar müəssisələrdə axtarış-baxış tədbirlərinin gücləndirilməsi, regional ədliyyə şöbələrinin imkanlarından səmərəli istifadə edilməklə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, Ədliyyə Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi, kadr potensialının möhkəmləndirilməsi və vakansiyaların hazırlıqlı gənc hüquqşünaslarla çevik doldurulması ilə bağlı aidiyyəti qurumlara zəruri tapşırıqlar verilmişdir.
İclasda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ aktların layihələri müzakirə olunaraq qəbul olunmuş, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.