12-09-2013 | 04:02 1618
Ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 120-yə yaxın dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq edir və uzun müddətdir Təşkilatın rəhbər orqanlarında təmsil olunmaqla, xüsusi fəallığı ilə fərqlənir.
Cari il sentyabr ayının 8-dən 12-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində BPA-nın 18-ci İllik Konfransı, Ümumi Yığıncağı, habelə qurumun rəhbər orqanları olan İcraiyyə Komitəsinin və Senatın iclasları keçirilmişdir.
Tədbirlərdə ölkəmizi Assosiasiyanın senatoru, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyətinin tərkibinə həmçinin, Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin məsul əməkdaşları daxil edilmişlər.
Senatın iclasında iştirak edən nazir BPA-nın fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı, mühüm və mürəkkəb məsələlərin həllində Senatın rolu, yeni perspektivlər və s. məsələlər üzrə çıxış edərək konkret təkliflər vermiş və onlar qəbul edilmişlər. Eyni zamanda, Assosiasiyanın fəxri üzvü olan Azərbaycanın ədliyyə nazirinin İcraiyyə Komitəsinin iclasında təşkilati məsələlərə dair müraciəti dinlənilmiş və irəli sürülmüş təşəbbüs yekdilliklə bəyənilmiş, Azərbaycanın BPA-nın inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilmişdir.
İllik Konfransın təntənəli açılış mərasimində Rusiyanın Baş prokuroru Yuri Çayka və Assosiasiyanın prezidenti Ceyms Hamilton giriş nitqləri ilə çıxış etmiş, həmçinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müraciəti səsləndirilmiş, BMT-nin Baş katibinin müavini, Vyana ofisinin rəhbəri Yuri Fedotovun məruzəsi dinlənilmişdir.
Dünyanın 100-ə qədər dövlətindən 850-dək nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi konfransda qanunun aliliyi, beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə, ədalətli məhkəmə hüququnun təmin edilməsi, hüquqşünasların treninqi və digər aktual məsələlər müzakirə edilmişdir.
Tədbirdə Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi K.Əliyev "Cinayət təqibi və korrupsiya ilə mübarizə" mövzusunda çıxış etmiş, ölkəmizdə qəti siyasi iradə ilə korrupsiyaya qarşı aparılan sərt mübarizə tədbirlərini, əldə olunmuş nailiyyətləri, o cümlədən Azərbaycanın brendi sayılan "ASAN xidmət" mərkəzlərinin korrupsiyanın qarşısının alınmasında önəmli rolunu vurğulamışdır. Nümayəndə heyətimizin üzvləri müxtəlif mövzular üzrə keçirilmiş müzakirələrdə fəal iştirak etmişlər.
Təşkilati məsələlərə həsr olunmuş Ümumi Yığıncaqda isə Assosiasiyanın səlahiyyət müddəti bitmiş Prezidentinin və İcraiyyə Komitəsi üzvlərinin yerinə seçkilər keçirilmiş, Avstriyanın Prokurorlar Assosiasiyasının sədri Q.Yaroş BPA-nın yeni prezidenti, K.Əliyev isə növbəti dəfə İcraiyyə Komitəsinin üzvü seçilməklə ölkəmiz bu rəhbər qurumda yenidən təmsil olunmuşdur.
Konfrans zamanı Rusiyanın Baş prokuroru ilə səmimi görüş keçirilmiş, qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunmuş, ölkəmizin Assosiasiyanın inkişafına verdiyi dəstək yüksək qiymətləndirilmişdir. Həmçinin, bir sıra digər dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri, beynəlxalq təşkilatların məsul nümayəndələri ilə əməkdaşlığa dair danışıqlar aparılmışdır.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun artması dövlətimizin güclü siyasi iradəsi ilə həyata keçirilən uğurlu və məqsədyönlü siyasətin və hərtərəfli islahatların bariz təzahürüdür.