Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında hüquqi əlaqələr inkişaf edir

Sentyabrın 17-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubay Məhkəmələri Departamentinin baş direktoru Dr. Əhməd Səid bin Həziminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini vurğulayan nazir 2006-cı ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı imzalanmış hüquqi yardım və ekstradisiya haqqında mühüm dövlətlərarası müqavilələrin və Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumun hüquqi sahədə əlaqələrin inkişafında rolunu qeyd etmişdir.

Həmçinin son illər respublikamızda ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə görülən genişmiqyaslı islahatlardan danışılmış, Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində BƏƏ-yə tanışlıq səfəri edilərək Dubay Əmirliyinin məhkəmə sahəsindəki müsbət təcrübəsindən bəhrələnildiyi bildirilmişdir.

Birləşmiş Ərəb Əmirliyi üçün yaxın dost ölkə olan Azərbaycanın məhkəmə-hüquq sistemindəki yüksək nailiyyətləri barədə məlumatlı olduğunu bildirən qonaq qeyd etmişdir ki, hüquqi sahədə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi Dubay Əmirliyinin əsas prioritetlərindən biridir və səfərin məqsədi ölkəmizin məhkəmə sahəsində müsbət təcrübəsi ilə tanış olmaqdır. O, həmçinin, məhkəmə orqanları arasında yenicə imzalanmış İşçi Proqramın əlaqələrimizin inkişafına böyük təkan olacağını vurğulamışdır.

Söhbət zamanı qonaqların diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, torpaqlarımızın 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunmuşdur.

Görüşdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuş, faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

Elə həmin gün BƏƏ nümayəndə heyəti məhkəmə sistemindəki nailiyyətlərə böyük maraq göstərərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yeni müasir binası ilə tanış olmuş, yaradılmış yüksək şəraiti, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqini, məhkəmə infrastrukturunun müasirləşdirilməsini təqdir etmişdir.

Səfər çərçivəsində qonaqların bölgələrdə yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez