17-09-2013 | 04:02 853
Sentyabrın 17-də "Azərbaycan Respublikası Prezidentinin seçkilərinin penitensiar müəssisələrdə təşkili məsələləri" mövzusunda Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Mərkəzi Seçki Komissiyasının birgə seminar-müşavirəsi keçirilmişdir.
Penitensiar müəssisələrin rəhbərləri üçün nəzərdə tutulan tədbirdə ədliyyə nazirinin müavini Azər Cəfərov, MSK-nın sədr müavini Natiq Məmmədov, Penitensiar xidmətin və Ədliyyə Akademiyasının məsul əməkdaşları və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən nazir müavini ötən illər respublikamızda seçki sisteminin təkmilləşdirilməsi prosesinin uğurla həyata keçirildiyindən, Seçki Məcəlləsinin beynəlxalq standartlara uyğunlaşdırılmasından və onun vətəndaşlarımızın azad seçim edə bilməsinə təminat verməsindən danışmışdır. Qarşıdan gələn prezident seçkilərinin tam şəffaf və demokratik şəraitdə təşkil edilməsi üçün lazımi tədbirlərin görüldüyünü, cəmiyyətin bütün təbəqələrinin səsvermədə azad iştirakını və sərbəst seçimini təmin edəcək demokratik seçki mühitinin yaradılmasını vurğulamışdır. Seminarda penitensiar müəssisələrdə seçicilərin azad iştirakının təmin olunmasına, səsvermə günündə müşahidəçilərin və KİV nümayəndələrinin seçkini izləmək üçün cəzaçəkmə yerlərinə daxil olmalarına, seçki prosesinə müdaxilələrin qarşısının alınmasına və maarifləndirmə işlərinin aparılmasına yönəlmiş kompleks tədbirlərin görüldüyü diqqətə çatdırılmışdır.
Tədbirdə çıxış edən MSK-nın sədr müavini ölkəmizdə seçkilərin nəinki beynəlxalq standartlara cavab verdiyini, eyni zamanda bu sahədə qabaqcıl təcrübənin formalaşdırdığını bildirmiş, seçkilərin təşkilində Ədliyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyəti qeyd edərək, penitensiar sistemdə bu işin lazımi səviyyədə həyata keçirildiyini vurğulamışdır.
Seminarda Azərbaycan Respublikasının seçki qanunvericiliyi və vətəndaşların seçki hüququnun təminatı, penitensiar müəssisələrdə seçkilərin təşkili və keçirilməsinə dair məsələlər üzrə məruzələr dinlənilmiş, tədbir iştirakçılarının sualları ətraflı cavablandırılmışdır.
Sonda seminar iştirakçılarına seçki hüquqları ilə bağlı nəşrlər təqdim olunmuşdur.