Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul etmişdir

Sentyabrın 19-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şirvan regional ədliyyə şöbəsində ölkə Prezidentinin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şirvan şəhəri, Neftçala, Sabirabad, Salyan, Hacıqabul, Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Füzuli rayonlarında yaşayan vətəndaşların, habelə Xocavənd və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış sentyabr ayının 14-dən başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuş, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə orqanlarının, o cümlədən notariat, qeydiyyat, icra qurumlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə dərhal tapşırıqlar verilmişdir.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur. 

Səfər zamanı ədliyyə naziri yerli, habelə regional ədliyyə və məhkəmə orqanlarına baş çəkərək, hakimlər və ədliyyə işçiləri ilə görüşmüş, onların fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, problemlərlə maraqlanmış, işin səmərəliliyinin artırılması üzrə tövsiyələrini vermişdir.

Həmçinin, Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində Şirvanda inşa olunacaq ən müasir tələblərə cavab verən məhkəmə kompleksinin tikintisi üçün görülən hazırlıq işləri ilə tanış olunmuşdur. 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez