04-10-2013 | 04:02 810
Ədliyyə orqanlarının layiqli kadrlar hesabına komplektləşdirilməsi məqsədilə davamlı olaraq şəffaf prosedurlarla qulluğa qəbul üzrə müsabiqə və müsahibələr keçirilir, gənc ədliyyə işçilərinin potensialından səmərəli istifadə olunmasına, onların peşəkar dövlət qulluqçusu kimi formalaşmalarına xüsusi önəm verilir.
Növbəti seçim prosesində uğur qazanaraq ədliyyənin müxtəlif sahələrinə təyinat alan 100-dən artıq gənc hüquqşünas, xaricdə təhsil almış müdavim, həmçinin tibb işçiləri ilə Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilmişdir.
Tədbirdən öncə gənclər Fəxri Xiyabanda müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə gül dəstəsi düzmüş, dahi öndərin əziz xatirəsini ehtiramla anmışlar.
Görüşdə ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov çıxış edərək ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində dövlətimiz tərəfindən gənclərə xüsusi diqqətin yetirilməsini, müasir gəncliyin aktual məsələlərinin həllinə yönəldilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul olunmasını, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin potensialının gücləndirilməsinin əsas prioritetlərdən biri kimi müəyyən edilməsini qeyd etmişdir.
F.Məmmədov ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən işlərdən bəhs etmiş, qulluğa qəbul olunan hər bir şəxsdən məsuliyyət, insanlara qayğılı münasibət göstərilməsi kimi əsas meyarların tələb olunduğunu diqqətə çatdırmış, stajorlara vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələrini vermişdir.
Qeyd olunmuşdur ki, şəffaf prosedurlarla keçirilən müsabiqələr əsasında qulluğa qəbul edilən şəxslərin tam əksəriyyəti gənclərdir və bu gün ədliyyə orqanları işçilərinin yarısını məhz gənclər təşkil edir.
Mərasimdə çıxış edən gənc mütəxəssislər Azərbaycan gəncliyinə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını ifadə edərək ədliyyə orqanlarına qulluğa qəbul olunmalarından qürur hissi keçirdiklərini, müsabiqənin aşkarlıq şəraitində obyektiv təşkil olunmasına görə təşəkkürlərini bildirmiş, ölkəmizin daha da qüdrətlənməsinə sədaqətlə xidmət göstərəcəklərini vurğulayaraq, şərəfli ədliyyə işçisi adını daim uca tutacaqlarına söz vermişlər.
Sonra qulluğa qəbul olunanlar təntənəli qaydada Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içmiş, onlara xidməti vəsiqələr təqdim edilmiş, nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.