Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun "Qanunçuluq" jurnalına müsahibəsi

Mətbuatda xəbər verildiyi kimi bu günlərdə 250-dən çox gənc mütəxəssis ədliyyə orqanlarına işə qəbul edilmiş, çoxmərhələli imtahanları, o cümlədən bir il müddətində davam etmiş təlim kurslarını müvəffəqiyyətlə başa vurmuş 70-dən çox hüquqşünas isə hakim vəzifələrinə təyin edilmişlər.

Bu təyinatların ədalət mühakiməsinin səmərəliliyinə, ədliyyə orqanlarının fəaliyyətinə hansı təsir göstərəcəyi barədə fikirlərini bölüşmək üçün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət etdik.

- Fikrət müəllim, məlumdur ki, son illər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər daha geniş vüsət almış, müsbət nəticələr əldə edilmişdir. Bu sahədə işlər bu gün də davam etdirilirmi?

- Əlbəttə. Məhkəmə islahatı qısa müddətdə yekunlaşa bilməz. Və ümumiyyətlə mütərəqqi islahatlar daimi xarakter daşıyır. Hazırda məhkəmə sisteminin daha da təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması və özünüidarə funksiyalarının genişləndirilməsi, məhkəmə araşdırmalarının keyfiyyətinin yüksəldilməsi, infrastrukturun müasirləşdirilməsi üzrə geniş təhlil və ümumiləşdirmələr aparılır, müvafiq layihələr hazırlanır.

- Bu günlərdə mətbuatdan son üç ildə 30-dan çox hakimin kobud qanun pozuntularına, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılması barədə informasiya ilə rastlaşdıq.

- Doğrudur. Məhkəmə-Hüquq Şurası insanların haqlı narazılığını doğuran hakimlərə qarşı tədbirləri daim görür, bundan sonra da görəcəkdir.

Eyni zamanda onları əvəzləyəcək yüksək mənəvi keyfiyyətlərə malik olan hazırlıqlı gənc hüquqşünasların seçimi də diqqətdən kənarda qalmır. Məhz bu səbəbdən Azərbaycanda hakimliyə namizədlərin seçiminin Avropada ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilmişdir. Bu prosedurlarla son illər ərzində 235 nəfər hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunmuşlar. Hazırda hakim korpusunun 50 faizini, o cümlədən Bakı şəhərinin rayonları üzrə 80 faizini məhz bu hakimlər təşkil edir.

Cari ildə isə 72 nəfər hakimliyə namizəd bütün imtahanları, o cümlədən bir il müddətində davam etmiş təlim mərhələsini və məhkəmələrdə stajkeçməni uğurla başa vuraraq, hakim vəzifəsinə layiq bilinmişlər. Qeyd etməliyəm ki, həmin namizədlərin hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında keçirilən yüksək səviyyəli təlimlərdə insan haqlarının qorunması, Avropa məhkəməsinin presedentləri, korrupsiyaya qarşı mübarizə, məhkəmə etikası və digər aktual mövzuların tədrisinə xüsusi əhəmiyyət verilmiş, onların Türkiyədə yarımaylıq təlimi təşkil edilmişdir.

- Yəqin ki, son hakim təyinatları da məhz bu şəxslərlə bağlı olmuşdur. Gənc hakimlərin təyinatı hansı keyfiyyət dəyişikliyinə səbəb olacaqdır?

- Elədir. Bu hakimliyə namizədlərin təyinatı ilə məhkəmə korpusunda mövcud olan vakansiyaların tam əksəriyyəti komplektləşdirilmişdir ki, bu da hakimlərin iş yükünün xeyli azalmasına səbəb olacaqdır. Təsəvvür edin, əgər cəmi bir neçə il bundan əvvəl Bakı şəhərinin rayon məhkəmələrində 41 hakim işləyirdisə bu gün onların sayı artıq 100-ü ötmüşdür. Apellyasiya məhkəməsi hakimlərinin sayı isə 35-dən 120-dək yüksəlmişdir. Təbii ki, bütün bunlar süründürməçiliyin aradan qaldırılmasını, vətəndaşların əsassız get-gələ salınmasının qarşısının alınmasını, nəhayət işlərə daha keyfiyyətlə baxılmasını şərtləndirəcəkdir.

- Eyni zamanda, 100-dən artıq şəxs də ədliyyə orqanlarına işə qəbul olunub. Bu barədə daha ətraflı məlumat verməyinizi istərdik.

- Ədliyyə sistemində geniş vüsət alan islahatlar nəticəsində Nazirliyin səlahiyyətləri xeyli genişlənib, üzərinə bir çox mühüm vəzifələr qoyulub, ştat sayı 20 faizdən çox artırılıb. İslahatlar kadr seçimi prosesini də əhatə edib. Nazirlik tərəfindən müxtəlif ədliyyə orqanlarına işə qəbulla bağlı mütəmadi olaraq şəffaf prosedurlarla, o cümlədən test üsulu ilə müsabiqə və müsahibələr keçirilir. Son illər keçirdiyimiz müsabiqələrdə iştirak etmiş 5 minədək şəxsdən 1500-ə qədəri müxtəlif ədliyyə orqanlarına işə qəbul olunmuşdur. Ötən gün isə bütün imtahanları və Ədliyyə Akademiyasında ilkin hazırlıq kurslarını müvəffəqiyyətlə keçmiş 101 nəfər yüksək hazırlıqlı gənc mütəxəssis ədliyyə orqanlarında təyinat almışlar.

- Bəs həmin şəxslər hansı sahələrə təyin edilmişlər?

- Qeyd etməliyəm ki, həmin şəxslər sırasında gənc hüquqşünaslar, xaricdə təhsil almış müdavimlər və tibb işçiləri vardır. Müsabiqə və müsahibədən uğur qazanmış 54 nəfərdən 60%-i icra xidmətinə, digərləri isə qeydiyyat və notariat orqanlarına, regional ədliyyə şöbələrinə, Əhalinin Dövlət Reyestri Xidmətinə, Ədliyyə Akademiyasına təyinat almışlar.

Həmçinin, 43 nəfər Penitensiar, 4 həkim isə Tibb xidmətlərinə təyinat almışlar. Yeri gəlmişkən qeyd etmək istərdim ki, nazirliyin Penitensiar xidməti və Ryazan Hüquq və İdarəçilik Akademiyası arasında 2005-ci ildə bağlanmış müqaviləyə əsasən hazırda Akademiyada penitensiar sahədə ixtisaslaşan 58 nəfər təhsil alır. Xidmətə qəbul olunanlardan 19-u məhz həmin Akademiyanı bitirmiş müdavimlərdir.

- Eyni zamanda 151 nəfər də Penitensiar xidmətdə kiçik rəis heyətinə qulluğa qəbul olunub.

- Bəli. Bildiyiniz kimi, penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi çərçivəsində yeni müasir tipli penitensiar komplekslər istifadəyə verilmişdir. Bununla əlaqədar həmin müəssisələrin kadrlarla komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, fiziki hazırlıqlı, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacaran gənclər müsabiqə ilə seçilirlər. Penitensiar xidmətə yenicə qəbul edilən şəxslərin 100-dən çoxu məhz həmin müəssisələrə təyinat almış, qalanları isə xidmətin digər qurumlarına işə qəbul olunmuşdur.

Bir məqamı xüsusi vurğulamaq istərdim ki, ədliyyə orqanlarına qulluğa yeni qəbul olunmuş şəxslərin 80%-i gənclərdir, təxminən yarısı regionların təmsilçiləri, həmçinin əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq arzusunda olanlar, 15%-i isə qadınlardır.

- Qeyd etdiyiniz kimi, ədliyyə orqanlarına qulluğa qəbul müsabiqə yolu ilə aparılır. Bəs müsabiqədə iştirak qaydaları barədə nə deyə bilərsiniz?

- Bəli. Ədliyyə orqanlarında işləmək arzusunda olan hüquqşünaslar Nazirliyin Müsabiqə Komissiyasının elan etdiyi müsabiqədə iştirak üçün müraciət edə bilərlər. Artıq 2006-cı ildən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbətdən ibarət açıq müsabiqələr keçirilir. İşə qəbulla bağlı prosedurlar son illər xeyli sadələşdirilmiş və test imtahanında iştirak etmək üçün təkcə ərizə ilə müraciət etmək kifayətdir.

Ötən müddətdə 9 müsabiqə keçirilmiş, sonuncu müsabiqənin bitməsini gözləmədən peşəkar gənc kadrlara olan ehtiyac nəzərə alınaraq, eyni zamanda ali təhsil müəssisələrini bu il bitirmiş gənc məzunların müsabiqədə iştirakına şərait yaratmaq üçün növbəti - onuncu açıq müsabiqə elan olunmuş və hazırda sənədlərin qəbulu aparılır.

İmtahan vahid auditoriyada keçirilərək dövlət orqanları arasında ilk dəfə olaraq onlayn rejimində internetdə yayımlanır, nəticələr namizədlər qarşısında dərhal elan olunur. Eyni zamanda, test imtahanında daha çox şəxsin uğur qazanması məqsədilə nazirlik tərəfindən Ədliyyə Akademiyasında imtahana hazırlıq kursları təşkil olunmuşdur. Müsabiqənin ikinci mərhələsində - söhbətdə isə namizədlərin ümumi dünyagörüşü, özünütəqdimetmə, xarici dil bilməsi, ünsiyyət qurmaq kimi keyfiyyətləri qiymətləndirilir.

İlk dəfə qulluğa qəbul olunan namizədlər müsabiqənin bütün mərhələlərindən müvəffəqiyyət qazandıqdan sonra Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılmaları üçün icbari təlimə cəlb olunurlar.

Son dövrlər ədliyyə orqanlarında qulluğa qəbul olunmuş gənclər bu gün ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərərək püxtələşirlər. Təsadüfi deyil ki, xeyli sayda ədliyyə qulluqçusu Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və digər dövlət orqanlarında məsul işə keçirilmiş, hakim seçkilərində müvəffəqiyyət qazanmışlar.

Yeri gəlmişkən müxtəlif ədliyyə orqanlarına keçirilən müsabiqələr bu gün də davam edir. Fürsətdən istifadə edib, gənclərimizi bu müsabiqələrdə daha fəal iştiraka dəvət edir, Sizə isə müsahibə təşəbbüsünüzə görə minnətdarlığımı bildirirəm.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez