Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilmişdir

Oktyabrın 24-də Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilmişdir.

İclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov yüksək demokratik standartlar səviyyəsində keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının öz iradəsini sərbəst ifadə edərək ümummilli lider Heydər Əliyevin siyasi kursunu yekdilliklə dəstəklədiyini vurğulamış, cənab İlham Əliyevin böyük vətəndaş həmrəyliyi ilə yenidən ölkə başçısı seçilməsinin son 10 ildə görülən işlərə, hərtərəfli sürətli inkişafa verilən qiymətin təzahürü olduğunu bildirmişdir.

Ötən dövrdə respublikamızın hərtərəfli, o cümlədən sürətli sosial-iqtisadi tərəqqisi təmin olunaraq ölkəmiz liderlər sırasına çıxmış, həmçinin ədliyyə və məhkəmə sistemi də xeyli təkmilləşdirilmişdir. Nazirliyin funksiya və səlahiyyətləri əhəmiyyətli dərəcədə genişlənmiş, Ədliyyə Akademiyası, müxtəlif reyestrlər, regional ədliyyə şöbələri, xüsusi notariat institutu fəaliyyətə başlamış, vətəndaşların ədliyyə və məhkəmə orqanlarına müraciət imkanları xeyli asanlaşmış, yeni regional məhkəmələr yaradılmış, hakimlərin sayı 2 dəfə artırılmış, infrastruktur müasirləşdirilmişdir.

İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində proqram xarakterli nitqində ölkənin gələcək inkişafı ilə bağlı müəyyən etdiyi prioritet istiqamətlərdən irəli gələn vəzifələr müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, dövlət başçısının korrupsiya və rüşvətxorluğa qarşı qəti mübarizənin aparılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, informasiya-kommunikasiya texnologiyalarının, "e-hökumət"in formalaşdırılması, əhaliyə göstərilən elektron xidmətlərin daha geniş tətbiqi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi və s. məsələlər üzrə konkret tapşırıqları ədliyyə işçilərinin də üzərinə əlavə mühüm məsuliyyət qoyur.

Kollegiyada ölkə Prezidentinin qarşıda qoyduğu vəzifələrin və tələblərin ədliyyə orqanlarında dürüst və dönmədən icrasını təmin etmək, o cümlədən ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, ən yeni infrastrukturun yaradılması və qabaqcıl İKT-lərin, xüsusilə elektron ədalət mühakiməsinin tətbiqi, ədliyyə işçiləri tərəfindən qulluq etikası və davranış norma və prinsiplərinə ciddi riayət olunması, Ədliyyə Akademiyasının imkanlarından səmərəli istifadə olunmaqla ədliyyə işçiləri və hakimlərin tədrisinə diqqətin artırılması üzrə konkret tədbirlər müəyyən olunmuşdur. Həmçinin, vətəndaşlara qayğılı münasibətin göstərilməsi, korrupsiyaya qarşı mübarizə üzrə əlavə təsirli tədbirlərin görülməsi və bu sahədə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, ədliyyə fəaliyyətində şəffaflığın artırılması, penitensiar sistemin təkmilləşdirilməsi və bu sahəyə ictimai nəzarətin gücləndirilməsi və s. üzrə zəruri tapşırıqlar verilmişdir.

İclasda ədliyyə sahəsində işin daha səmərəli təşkili ilə bağlı digər məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul olunmuş, bir sıra qeyri-kommersiya təşkilatları qeydiyyata alınmışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez