05-11-2013 | 04:02 1613
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda 2013-cü ilin "İKT ili" elan edilməsi ilə əlaqədar ədliyyə və məhkəmə sistemində müasir texnologiyalardan geniş istifadə olunmaqla əhaliyə göstərilən elektron xidmətlərin dairəsi genişlənir, elektron ədalət mühakiməsinin tətbiqi sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi əhəmiyyət verilir.
Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə sistemində İKT-lərin istifadəsində böyük nailiyyətlər əldə etmiş Sinqapurda səfərdə olmuşlar. Nümayəndə heyətinin tərkibinə həmçinin, birgə Layihənin rəhbəri, ədliyyə nazirinin müavini Azər Cəfərov, hakim, ədliyyə işçiləri və İKT üzrə ekspertlər daxil edilmişlər.
Səfər zamanı Sinqapurun Ədliyyə Nazirliyində keçirilmiş görüşdə Azərbaycanda məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, yeni innovasiyaların və qabaqcıl İKT-lərin tətbiqi üzrə görülən işlər qeyd edilmiş, hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçimi barədə məlumat verilmişdir.
Sinqapurun ədliyyə üzrə dövlət naziri xanım İndranee Rajah hüquqi sahədə əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulamış, ölkəmizdə qısa müddətdə əhatəli və kompleks şəkildə aparılmış məhkəmə-hüquq islahatları nəticəsində əldə olunmuş nailiyyətləri təqdir edərək bu münasibətlə Azərbaycan tərəfini təbrik etmişdir. O, hakimlərin seçimi ilə bağlı qazanılmış müsbət təcrübəmizin yüksək təəssüratlar yaratdığını vurğulamışdır.
Görüşdə əməkdaşlığa dair faydalı müzakirələr aparılmış, nazirlikdə elektron sənəd dövriyyəsi sisteminin tətbiqi ilə yaxından tanış olunmuşdur.
Həmçinin, Sinqapur Ali Məhkəməsinin sədri Sundareş Menon ilə görüş keçirilmiş, iki dövlət arasında olan əlaqələrin müsbət dinamikası, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanmış, ədalət mühakiməsinin səmərəliliyi, elektron xidmətlərin göstərilməsi və digər məsələlər müzakirə olunmuşdur.
Səfər çərçivəsində Sinqapurun elektron ədalət mühakiməsi sisteminin tətbiqində yüksək nailiyyətlər qazanmış Ali Məhkəmə və birinci instansiya məhkəmələrinə baş çəkilərək onların fəaliyyəti ilə tanış olunmuş, müasir İKT-lərin və innovativ xidmətlərin tətbiqinə dair faydalı təcrübə mübadiləsi aparılmışdır. Həmçinin, Azərbaycan nümayəndə heyəti üçün məhkəmələrdə İKT-lərin innovativ istifadəsinə dair prezentasiya təşkil edilmişdir. Bu yeniliklərin ölkəmizdə elektron ədalət mühakiməsi sisteminin yaradılması işində tətbiqi imkanları barədə fikir mübadiləsi aparılaraq qarşılıqlı əməkdaşlığa dair razılıq əldə olunmuşdur.
Eyni zamanda, Sinqapurun dünyada ən səmərəli antikorrupsiya fəaliyyəti ilə fərqlənən Korrupsiya hallarının istintaqı Bürosunun fəaliyyəti ilə yaxından tanış olunmuş, bu qurumun yeni direktoru Vonq Honq Kuan ilə görüş keçirilmişdir. Görüşdə dövlət başçısı cənab İlham Əliyevin qəti siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı aparılan sərt mübarizə tədbirləri, o cümlədən ölkə başçısının təşəbbüsü ilə yaradılan və artıq Azərbaycanın brendinə çevrilmiş "ASAN xidmət"in korrupsiyanın qarşısının alınmasında önəmli rolu qeyd olunmuşdur. Bu sosial bəla ilə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanaraq, cənab Kuan Azərbaycanın ədliyyə nazirinin vitse-prezidenti olduğu və 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının noyabr ayında Panamada keçiriləcək İllik Konfransına dəvət olunmuşdur.
Həmçinin, korrupsiya ilə mübarizənin müasir üsulları barədə faydalı fikir mübadiləsi aparılmış, ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuş, Azərbaycanda aparılan antikorrupsiya tədbirləri təqdir edilərək innovativ təşəbbüslərimizə böyük maraq göstərilmişdir.
Səfər çərçivəsində Sinqapur Ali Məhkəməsinin təşkilatçılığı ilə "Hüquq sisteminə inamın artırılması üçün məhkəmə fəaliyyətinin inkişafı" mövzusunda keçirilmiş beynəlxalq konfransda da iştirak edilmişdir. Bölgənin 20-dək ölkəsindən məhkəmə və ədliyyə orqanlarının, habelə nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli şəxslərinin iştirak etdiyi konfransı Sinqapurun Ali Məhkəməsinin sədri S.Menon açmışdır. Tədbirdə ədalət mühakiməsinin effektiv həyata keçirilməsi və ona ictimai etimadın yüksəldilməsi, korrupsiyaya qarşı mübarizə, hakimlərin tədrisi və digər aktual mövzular müzakirə olunmuşdur.
Konfransda ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ölkəmizdə məhkəmə sistemində aparılan islahatlardan danışmış, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair görülmüş qanunvericilik və institusional tədbirləri, əhalinin məhkəmələrə çatımlılığının yaxşılaşdırılması üzrə işləri qeyd etmişdir. Həmçinin, hakimlərin mütərəqqi seçimi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin tətbiqi üzrə əldə olunmuş nailiyyətlər tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Azərbaycanda aparılan məhkəmə islahatları və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat tədbir iştirakçıları arasında yayılmışdır.
Tədbirdə bir sıra ölkələrin Ali məhkəmələrinin sədrləri və ədliyyə orqanlarının rəhbərləri ilə görüşlər keçirilmiş, faydalı fikir mübadiləsi aparılmışdır.
Konfransın sonunda xatirə şəkili çəkdirilmişdir.