Türkiyə Vəkillər Birliyinin nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş

Qardaş Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və dostluq əlaqələrinə əsaslanan münasibətlərimiz müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf edir. Bu əlaqələr çərçivəsində iki ölkənin ədliyyə, məhkəmə, prokurorluq orqanlarının yüksək səviyyəli şəxsləri, vəkilliyin nümayəndələri müntəzəm səfərlər edir, birgə tədbirlər həyata keçirilir.

Azərbaycanda səfərdə olan Türkiyə Vəkillər Birliyinin nümayəndə heyəti ilə noyabrın 20-də Ədliyyə Nazirliyində görüş keçirilmişdir.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin, o cümlədən zəngin müqavilə bazasına söykənən hüquqi əlaqələrin dinamik inkişafını vurğulayan nazir müavini Azər Cəfərov dövlətlərimizin rəhbərlərinin müntəzəm qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafında mühüm rolunu, respublikamızda keçirilmiş prezident seçkilərində xalqımızın böyük dəstəyi ilə inamlı qələbə qazanaraq yenidən ölkə başçısı seçilmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk rəsmi səfərini qardaş Türkiyə Respublikasına etdiyini xüsusi qeyd etmişdir.

Nazir müavini dövlət başçısının rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatlarından, habelə iki ölkənin Ədliyyə nazirlikləri və akademiyaları arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışmış, həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin yaxından iştirak etdiyini, qardaş ölkənin müsbət təcrübəsindən bəhrələnildiyini bildirmişdir.

Respublikamızda vəkilliyin tarixi, bu sahəni tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, ədalət mühakiməsinin həyata keçirilməsində və insan hüquqlarının qorunmasında vəkillərin rolu barədə məlumat nümayəndə heyəti tərəfindən maraqla qarşılanmışdır.

Azərbaycana səfərindən məmnun qalan Türkiyənin nümayəndə heyəti yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, ölkəmizin hərtərəfli dinamik inkişafını təqdir etmişdir. Qonaqlar Türkiyə Vəkillər Birliyinin fəaliyyəti barədə məlumat vermiş, qurumun ölkənin qanunyaradıcı fəaliyyətində iştirakını qeyd etmiş, vəkillik orqanları arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən vəkillərin tədrisi, mülki məsələlərin həllinə kömək, məhkəmə qərarlarının tanınması, vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində birgə səylərin artırılmasının, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır.

Türkiyəli vəkillər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinin, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında yaxından iştirak etmək, bu məqsədlə beynəlxalq tədbirlərin keçirilməsi niyyətində olduqlarını bildirmişlər.

Görüşdə maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez