28-11-2013 | 04:02 1013
Noyabrın 28-də Ədliyyə Nazirliyində Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin məruzəçisi xanım Maylis Reps və Komitənin katibi xanım Aqneşka Şklanna ilə görüş keçirilmişdir.
Qonaqları səmimi salamlayan nazir müavini Azər Cəfərov nüfuzlu beynəlxalq təşkilatlarla, xüsusilə Avropa Şurası və onun struktur qurumları ilə sıx əməkdaşlıq edildiyini bildirmiş, respublikamızda insan hüquqları sahəsində aparılan qanunvericilik və institusional tədbirlərdən danışmış, ədliyyə sisteminin inkişafı çərçivəsində penitensiar sahədə görülən işləri, o cümlədən səmərəli ictimai nəzarət mexanizminin tətbiqini, infrastrukturun müasirləşdirilməsini, məhkumlara keyfiyyətli tibbi xidmətin göstərilməsini və bu sahədə müsbət təcrübəmizin beynəlxalq mükafata layiq bilinərək dünyada geniş yayılmasını vurğulamışdır.
Qonaqlar dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının etibarlı müdafiəsinə xidmət edən genişmiqyaslı məhkəmə islahatları, o cümlədən yeni regional məhkəmələrin yaradılması, müasir məhkəmə bina və komplekslərinin inşası, hakimlərin sayının artırılması, onların Avropada ən şəffaf seçimi və tədrisi barədə məlumatı maraqla qarşılamış, ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsində Ədliyyə Nazirliyinin fəaliyyətini qeyd etmişlər.
Görüşdə həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi, İnsan hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlıq, presedent hüququnun öyrənilməsi və tətbiqi, məhkəmə qərarlarının icrası, məhkəməyə qədər həbs, habelə korrupsiya ilə mübarizə məsələləri müzakirə olunmuş, maraq kəsb edən suallara aydınlıq gətirilmişdir.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyində olmuşlar.