02-12-2013 | 04:02 1642
Bütün bəşəriyyəti narahat edən korrupsiyaya qarşı mübarizənin qlobal səviyyədə aparılması üçün 2003-cü ildə BMT tərəfindən Korrupsiya əleyhinə Konvensiya qəbul edilmiş, ölkəmiz ilk dövlətlər sırasında xüsusi qanunla həmin sənədə qoşulmuşdur. Konvensiyanın implementasiyası, bu sahədə müsbət təcrübələrin təşviqinə dair müzakirələrin aparılması, aşkar olunan problemlərin həlli yollarının araşdırılması üçün BMT tərəfindən mütəmadi olaraq konfranslar keçirilir.
Noyabrın 25-29-da Panamada BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 5-ci sessiyası keçirilmişdir.
Konvensiyaya qoşulmuş 130-dan çox dövlətdən, həmçinin beynəlxalq və qeyri-hökumət təşkilatlarından 1540 nümayəndənin iştirak etdiyi konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi rəsmi nümayəndə heyəti təmsil etmişdir.
Nümayəndə heyətinə Milli Məclisin deputatı, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Bəxtiyar Əliyev, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kəmran Əliyev və Ədliyyə Nazirliyinin məsul şəxsləri daxil olunmuşlar.
BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının implementasiyası, preventiv tədbirlər, hüquq-mühafizə orqanlarının fəaliyyəti, tədris, cinayət yolu ilə əldə olunmuş gəlirlərin qaytarılması, beynəlxalq əməkdaşlıq və digər aktual məsələlər müzakirə olunmuşdur.
Tədbirin açılışında Panama Respublikasının Prezidenti Rikardo Martinelli, BMT-nin Baş katibinin müavini, Vyana ofisinin rəhbəri Yuri Fedotov, Panamanın antikorrupsiya qurumunun rəhbəri xanım Abiqeyl Benzadon Kohen giriş nitqi ilə çıxış etmişlər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri F.Məmmədov Konfransın ilk sessiyasında çıxış edərək dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı aparılan sərt mübarizə, o cümlədən institusional və qanunvericilik tədbirləri, Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planlarının həyata keçirilməsi, elektron, innovativ və şəffaf xidmətlərin dairəsinin genişləndirilməsi, ölkə Prezidentinin təşəbbüsü ilə yaradılmış və Azərbaycanın brendi sayılan ASAN xidmət barədə məlumat vermiş, Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin səmərəsinin artırılmasını vurğulamışdır.
Korrupsiya ilə mübarizədə müstəsna əhəmiyyət kəsb edən məhkəmə sisteminin müasirləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılmasını, hakimlərin müstəqilliyinin gücləndirilməsini, Azərbaycanda hakimliyə namizədlərinin dünyada ən şəffaf seçimini qeyd etmişdir.
Nazir həmçinin, antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığa toxunaraq əsas məqsədi BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının implementasiyasına dəstək vermək olan Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının vitse-prezidenti kimi bu qurumun həmin ərəfədə Panamada qanunun aliliyi və korrupsiya ilə mübarizə mövzusuna həsr olunmuş İllik Konfransı barədə məlumat vermiş, habelə dövlətimizin Beynəlxalq Antikorrupsiya Akademiyasının nizamnaməsinə xüsusi qanunla qoşularaq onun tamhüquqlu üzvü olduğunu vurğulamışdır.
Maraqla qarşılanmış çıxışda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair bir sıra təkliflər irəli sürülmüş, çıxışın ingilis və rus dillərində olan mətnləri tədbir iştirakçıları arasında yayılmışdır.
Konfransda nümayəndə heyətinin üzvləri müzakirə olunan mövzular, o cümlədən preventiv tədbirlər, antikorrupsiya strategiyaların implementasiyası və s. üzrə çıxışlar etmiş, ölkəmizin müsbət təcrübəsi ilə bölüşmüşlər.
Tədbirin sonunda Konvensiyaya üzv dövlətlər tərəfindən gündəlikdə duran məsələlərə dair müvafiq sənədlər qəbul edilmiş, konfransın növbəti sessiyasının 2015-ci ildə Rusiyada keçirilməsi qərara alınmışdır.
Konfrans çərçivəsində ölkəmizin nümayəndə heyəti bir sıra dövlətlərin və beynəlxalq təşkilatların yüksək nümayəndələri ilə görüşlər keçirmişdir.