03-12-2013 | 04:02 760
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilmişdir.
İclasda dövlət başçısının "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 noyabr 2013-cü il tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunmuşdur.
Tədbirdə çıxış edən nazir son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sürətli sosial-iqtisadi tərəqqisini, vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılmasını, QHT-lərə dövlət dəstəyinin artırılmasını, qanunvericilik və institusional tədbirləri, o cümlədən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunmasını, bu sahədə milli donor institutunun - QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasını qeyd etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 29.12.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da QHT sektorunun inkişafına dair bir çox tədbirlər müəyyən olunmuşdur. Bildirmişdir ki, qeyri-hökumət təşkilatlarının sayının ilbəil artması davam etmiş, nazirlikdə dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 2.900-ü ötmüş, təkcə bu ilin 11 ayı ərzində 51 milyon manatdan çox məbləği əhatə edən 1230 qrant müqaviləsi qeydiyyata alınmışdır.
Nazir QHT-lərə elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi və görülən işlərin səmərəliliyinin artırılması üçün daha qətiyyətli addımların atılmasında ölkə başçısının qeyd olunan Fərmanının müstəsna əhəmiyyətini və qarşıda duran mühüm vəzifələri xüsusi vurğulamışdır.
İclasda çıxış edən nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov "Qeyri-kommersiya hüquqi şəxsləri" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin, nazirlik tərəfindən göstərilən elektron xidmətlər sırasında QHT-lərin və digər qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru, eləcə də onların dövlət reyestrinə daxil edilməsi ilə bağlı məlumatın verilməsinə dair yeni işlək funksiyaların yaradıldığını qeyd etmişdir. Həmçinin, QHT-lərə daim metodiki köməklik göstərilərək tövsiyə və məsləhətlər verilir, əyani vəsaitlər təqdim olunur.
Bununla belə, bəzi QHT-lərin nizamnamələrinə uyğun fəaliyyət göstərməmələri, qrant müqavilələri və digər zəruri məlumatları təqdim etməmələri, maliyyə pozuntuları və bu kimi hallara yol verməsi, eləcə də qeydiyyatla bağlı sənədlərin bəzi hallarda natamam və qüsurlu təqdim olunması bildirilmişdir.
Qeyd olunmuşdur ki, yeni fərmana əsasən QHT-lərin aidiyyəti dövlət qurumları ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Ədliyyə Nazirliyinə "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılmışdır.
Bununla əlaqədar ölkə Prezidentinin Fərmanının icrası üzrə görülməli işlər əyani nümayiş etdirilmiş, elektron məlumat sistemindən istifadəni təmin etmək üçün zəruri infrastrukturun formalaşdırılması, istifadə qaydalarına dair inzibati reqlamentin hazırlanması, müasir İKT-lərin tətbiqi imkanları və s. məsələlər üzrə konkret tədbirlər müəyyən olunmuşdur.
İclasda həmçinin qeyd edilmişdir ki, son illər ölkədə baş verən mütərəqqi sosial-iqtisadi dəyişikliklər, əhalinin rifahının günbəgün yüksəlməsi demoqrafik inkişafa, doğum və nikahın sayının artmasına ciddi təsir göstərmiş, eyni zamanda ölkə Prezidentinin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" mərkəzlərində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılması da qeydiyyat orqanlarının qanunvericilik əsaslarının və işinin daha da təkmilləşdirilməsini şərtləndirmişdir. Bununla əlaqədar qeydiyyat şöbələrinin və nikah evlərinin fəaliyyətini tənzimləyən normativ hüquqi akt layihəsi müzakirə olunaraq qəbul olunmuşdur.
Kollegiyada kadr işinin təkmilləşdirilməsi, o cümlədən gənc mütəxəssislərin qulluğa qəbulu prosesinin daha da yaxşılaşdırılması, onların səmərəli tədrisi və peşə vərdişlərinə mükəmməl yiyələnməsi ilə bağlı aidiyyəti tapşırıqlar verilmiş, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınmışdır.