12-12-2013 | 04:02 820
Ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətləri, dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində əvəzsiz rolu və misilsiz fəaliyyəti qədirbilən xalqımız tərəfindən hər zaman dərin minnətdarlıq hissi ilə yad edilir, ulu öndərin əziz xatirəsi daim uca tutulur.
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət etmiş, abidəsi önünə tər çiçəklər düzmüşlər. Sonra dahi şəxsiyyətin nazirlikdəki büstü önünə gül dəstələri qoyulmuş, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Nazirlikdə təşkil olunmuş anım mərasimində ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, əsrlər boyu xalqımıza xidmət edəcək zəngin irsindən bəhs etmiş, dahi öndərin qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı və sürətli inkişafını qeyd etmiş, respublikamızın bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində nailiyyətlərini vurğulamışdır.
Bildirilmişdir ki, dövlət başçısı cənab İlham Əliyevin böyük vətəndaş həmrəyliyi ilə yenidən ölkə Prezidenti seçilməsi son illər qazanılan böyük uğurlara verilən yüksək qiymətin, xalqımızın gələcək inkişafa inamının təzahürüdür.
Nazir qeyd etmişdir ki, dahi liderimizin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə daim sadiq qalan ədliyyə işçiləri Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin daha da qüdrətlənməsi, demokratik hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması naminə daha böyük məsuliyyətlə və əzmkarlıqla çalışacaqlar.
Anım günü ilə bağlı nazirlikdə Heydər Əliyev muzeyində əbədiyaşar liderin zəngin həyatından, titanik fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalarla tanış olunmuş, xüsusi stend hazırlanmış, kinozalda ümummilli liderə həsr olunmuş yeni sənədli filmlər nümayiş etdirilmiş, ehsan süfrəsi təşkil olunmuşdur.