Azərbaycan və Belarus arasında hüquqi sahadə əməkdaşlıq inkişaf edir

Respublikamız tərəfindən xarici ölkələr, o cümlədən Belarus ilə hüquqi sahədə əməkdaşlığın inkişafına mühüm önəm verilir. 1999-cu ildə iki ölkənin Ədliyyə nazirlikləri arasında, 2012-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı məhkəmə ekspertizası sahəsində imzalanmış əməkdaşlıq haqqında sazişlər qarşılıqlı fəaliyyətin genişləndirilməsinə mühüm töhfə olmuşdur.

Dekabrın 19-da Bakıda səfərdə olan Ədliyyə Nazirliyində Belarus ədliyyə nazirinin müavini xanım Alla Bodak ilə görüş keçirilmişdir.

Ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşən qonaq yüksək beynəlxalq imicə malik olan ölkəmizə ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə etmiş, Azərbaycanın hərtərəfli dinamik inkişafını, tolerant ölkə olmasını təqdir etmiş, hüquq sistemlərimiz arasında oxşarlıqların olduğunu bildirirək, ölkəsində də məhkəmə-hüquq sistemində islahatların getdiyini, təcrübə və fikir mübadiləsinin hər iki tərəf üçün böyük əhəmiyyətini vurğulamışdır.

Xanım A.Bodak Azərbaycanın ədliyyə və məhkəmə sistemindəki islahatlar, o cümlədən son illər nazirliyin səlahiyyətlərinin genişləndirilməsi, müxtəlif reyestrlərin aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati ədliyyənin, xüsusi notariat institutunun, Ədliyyə Akademiyasının fəaliyyəti, hakimlərin Avropada ən şəffaf seçimi, penitensiar sistemin inkişafı, infrastrukturun müasirləşdirilməsi barədə məlumatlandırılmış, elektron xidmətlərin tətbiqi, xüsusilə ölkə başçısının təşəbbüsü ilə yaradılmış və Azərbaycanın brendi sayılan, ədliyyə orqanlarının da müxtəlif mühüm xidmətlər göstərdiyi "ASAN xidmət" mərkəzlərinin uğurlu fəaliyyətindən heyran qalmışdır.

Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov qonaqla görüşmüşdür.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir hüquqi sahədə əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, ötən il Minskə səfəri zamanı belaruslu həmkarı ilə məhsuldar danışıqların aparıldığını vurğulamış, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu bildirmişdir.

Qonaq ədliyyə orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu söyləmiş, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının uğurlarını təqdir etmiş, belarus ədliyyə nazirinin salamlarını Azərbaycanın ədliyyə nazirinə çatdırmışdır.

A.Bodak nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur. 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez