Ədliyyə və məhkəmə infrastrukturu müasirləşdirilir

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatlar aparılır, ədliyyə orqanları və məhkəmələr üçün yeni binalar tikilib istifadəyə verilir.

Dekabrın 26-da İmişlidə rayon məhkəməsi üçün yeni binanın təməli qoyulmuş, Avropa İttifaqının dəstəyi iləregional ədliyyə şöbəsinin inşa olunmuş müasir inzibati binası istifadəyə verilmişdir.

Tədbirlərdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, nazir müavini Toğrul Musayev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, bölgənin hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, hakimlər, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Mərasimlərdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edilmiş, onun xatirəsi dərin ehtiramla yad olunmuşdur.

Sonra İmişli Rayon Məhkəməsi üçün yeni inzibati binanın təməlqoyma mərasimi keçirilmişdir.

Qeyd olunmalıdır ki, dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq inşa olunacaq ümumi sahəsi 1742 kvadrat metr olan iki mərtəbədən və zirzəmidən ibarət yeni məhkəmə binası müasir milli memarlıq üslubunda layihələndirilmişdir. Digər yeni məhkəmə binalarında olduğu kimi, bu bina da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlərin məhdudlaşdırılması məqsədilə ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən zəruri infrastruktur quraşdırılacaqdır. Tədbir iştirakçıları İmişli Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olmuş, məhkəmənin təməli qoyulmuşdur.

Daha sonra İmişli regional ədliyyə şöbəsinin yeni tikilmiş müasir inzibati binasının açılışı olmuşdur.

Mərasim zamanı əvvəlcə regional ədliyyə şöbəsinin foyesində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü önünə əklil qoyulmuşdur.

Bina ilə tanışlıq zamanı bildirilmişdir ki, 2012-ci ilin avqust ayında inşasına başlanılmış İmişli regional ədliyyə şöbəsinin yeni binası Avropa İttifaqı ilə birgə həyata keçirilən "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı çərçivəsində ərsəyə gəlmişdir. Avropa İttifaqı ədliyyə sahəsində aparılan islahatlara dəstək göstərmək təşəbbüsü ilə çıxış etmiş və 2012-2014-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətləri üzrə həyata keçirilən bu proqram çərçivəsində xeyli işlər görülmüş, infrastruktur müasirləşdirilmiş, o cümlədən ötən ay Xaçmaz regional ədliyyə şöbəsi üçün yeni bina inşa olunaraq istifadəyə verilmişdir.

Ümumi sahəsi 1.000 kvadrat metr olan dörd mərtəbədən ibarət İmişli regional ədliyyə şöbəsinin yeni inzibati binası müasirliyi ilə fərqlənir. Binada İmişli regional ədliyyə, rayon icra və qeydiyyat şöbələri fəaliyyət göstərəcəkdir. Burada həmçinin, təntənəli nikah mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bina müasir İKT-lərlə təchiz olunmuş, o cümlədən elektron sənəd dövriyyəsi, audio və video konfrans sistemləri, prezentasiya üçün avadanlıq quraşdırılmışdır. Həmçinin, təhlükəsizlik, elektrik və su təchizatı üçün zəruri infrastruktur yaradılmışdır.

Mərasimdə çıxış edən ədliyyə naziri ölkə Prezidentinin rəhbərliyi ilə son illər respublikamızın, xüsusilə regionların sosial-iqtisadi inkişafı üzrə əldə olunmuş yüksək nailiyyətlərdən, o cümlədən genişmiqyaslı məhkəmə-hüquq islahatlarından danışmış, regionlarda 20-dək yeni məhkəmələrin yaradıldığını, hakimlərin sayının 2 dəfə artırıldığını, onların seçim prosesinin şəffaflığına görə Avropada örnək kimi dəyərləndirildiyini, məhkəmə infrastrukturunun müasirləşdirilməsini qeyd etmiş, İmişli Rayon Məhkəməsinin müasir binasının inşasının məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə verəcəyini, ədalət mühakiməsinə çatımlılığı daha da asanlaşdırmaqla vətəndaşların hüquqlarının etibarlı təmin olunmasına xidmət edəcəyini vurğulamışdır. Ədliyyə sistemində aparılan islahatlara toxunan nazir dövlətimizin bu sahəyə göstərdiyi yüksək qayğıdan bəhs etmiş, son illər nazirliyin səlahiyyətlərinin genişləndirildiyini, regional ədliyyə şöbələrinin yaradıldığını, müasir İKT-lərin tətbiqini, ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə digər tədbirləri qeyd etmişdir.

Açılışda iştirakdan məmnunluğunu bildirən xanım M.Mard Avropa İttifaqının ölkəmizlə 20 ildən artıq davam edən əməkdaşlığını qeyd edərək "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramının əlaqələrin inkişafında yeni mühüm mərhələ olduğunu vurğulamış, təmsil etdiyi qurumun ədliyyə sisteminə çatımlılığın asanlaşdırılmasına xidmət edən islahatların aparılmasına xüsusi əhəmiyyət verdiyini, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu söyləmişdir.

Tədbirdə müasir İKT-lərlə təchiz olunmuş Şirvan və Xaçmaz regional ədliyyə şöbələri, eləcə də Gəncə şəhəri Nizami və Oğuz rayon məhkəmələri ilə canlı bağlantı yaradılaraq videokonfrans keçirilmişdir.

Sonra ədliyyə işçilərinə və hakimlərə işin yüksək səviyyədə təşkil edilməsi, fəaliyyətin təkmilləşdirilməsi, vətəndaşlara layiqli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar və tövsiyələr verilmişdir. Həmçinin, regional ədliyyə şöbəsinə yeni xidməti minik avtomobili təqdim edilmişdir.

Eyni zamanda, xanım M.Mardla görüş keçirilərək, əməkdaşlıq məsələləri üzrə faydalı fikir mübadiləsi aparılmışdır. Görüşdə qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunmuş, Avropa İttifaqının təmsilçisi əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı niyyətini bildirərək bu cür uğurlu təcrübənin genişləndirilməsinin və ədliyyə sistemində islahatların əhəmiyyətini qeyd etmiş, həyata keçirilən tədbirlərə bundan sonra da dəstək göstərəcəyini vurğulamışdır.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez