17-03-2009 | 04:02 879
Azərbaycan Respublikasının Milli Məclisi,
ümumbəşəri idealları, insan hüquq və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvərlik ənənələrini davam etdirərək;
cəzadan azad etmənin vətəndaşlarımızın qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək;
hüququn aliliyinə, qanunçuluğa və ədalətə əsaslanan cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cinayət törətmiş şəxslərin öz əməllərinin nəticələrini dərk edərək islah olunacaqlarına inanaraq;
xalqımızın tarixi adət-ənənələrini ehtiramla xatırlayaraq, Novruz bayramının firavanlıq, xoşbəxtlik, əmin-amanlıq rəmzi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutan, milli dəyərlərimizi daim təşviq edən Heydər Əliyev Fondunun təşəbbüsünü dəstəkləyərək aşağıdakı amnistiyanın elan edilməsini qərara alır:
I. Amnistiya tətbiq edilən şəxslərin dairəsi
1. Aşağıdakı məhkumlar, bu Qərarın 7-ci bəndində nəzərdə tutulmuş məhdudiyyət nəzərə alınmaqla, təyin olunmuş cəzalardan azad edilsin:
1.1. müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan qadınlar və altı aydan artıq olmayan kişilər;
1.2. intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi altı aydan artıq olmayan şəxslər;
1.3. azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi iki ildən artıq olmayan qadınlar və bir ildən artıq olmayan kişilər;
1.4. hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza çəkən şəxslər;
1.5. islah işləri növündə cəza çəkən şəxslər;
1.6. ictimai işlər növündə cəza çəkən şəxslər;
1.7. əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;
1.8. əsas cəza kimi cərimə cəzasına məhkum edilmiş qadınlar və min manatdan artıq olmayan miqdarda cərimə cəzasına məhkum edilmiş kişilər.
2. Bu Qərarın 1.1-ci bəndində göstərilən şəxslərdən başqa, müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 5-7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla):
2.1. qadınlar;
2.2. cinayət törədərkən 18 yaşına çatmayan şəxslər;
2.3. bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər;
2.4. bu Qərar qüvvəyə mindiyi günədək birinci və ya ikinci qrup əlil sayılmış şəxslər;
2.5. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ya ikinci qrup əlil övladı olan kişilər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər;
2.6. İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
2.7. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
2.8. Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);
2.9. keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;
2.10. 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya olunmuş şəxslər;
2.11. 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər;
2.12. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);
2.13. 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları;
2.14. Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları.
3. Bu Qərarın 1-ci bəndində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar təyin olunmuş cəzalardan azad edilsin (bu Qərarın 5-7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla):
3.1. intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər;
3.2. azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər;
3.3. əsas cəza kimi min manatdan artıq miqdarda cərimə cəzasına məhkum edilmiş kişilər;
3.4. şərti məhkum edilmiş şəxslər;
3.5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq cəzasının çəkilməsi təxirə salınmış şəxslər;
3.6. bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş məhkəmə qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər.
4. Bu Qərarın 1.1 və 2-ci bəndlərində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş cəzası yarıyadək azaldılsın (bu Qərarın 5-7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).
II. Amnistiyanın tətbiqinə məhdudiyyətlər
5. Bu Qərarın 2-4-cü bəndləri aşağıdakı şəxslər barəsində tətbiq edilməsin:
5.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4 və 15.5-ci maddələrində nəzərdə tutulmuş ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin 101, 115.1, 119.1, 122.2, 124.2, 125, 127.2, 133.1, 133.2, 136.3, 137, 138.2-138.4, 139.2, 140.2, 140.4, 141.4, 144-2.2, 145.2, 146.2, 150.1, 151, 152, 159.4, 162.2, 170.1, 170.2, 171.1, 172, 177.2, 178.2, 179.2, 182.1, 184.3, 185.2, 186.2, 189-1.4, 192.2, 193.2, 193-1.1, 194.2, 195.2, 196.2, 199.3, 200.4, 200-1.3, 201.2, 204.1, 205, 206.1, 206.2, 208, 213.2 ("Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli, 357-IIIQD nömrəli Qanunu ilə verilmiş redaksiyada), 213-1.2, 220.2, 221.2, 221.3, 222.2, 222-1.3, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 227.1, 227.2, 228.1, 228.2, 229.1, 229.2, 232.1, 233-1.1, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1, 240.2, 243.2, 244.2, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2, 254.3, 256.3, 258.3, 259.2, 260.2, 262.2, 263.2, 265.2, 266.2, 267.3, 268.2, 272.2, 281.1, 283-285, 288.1, 288.3, 290, 291, 292.2, 293.1, 294.2, 294.3, 295.1, 296.2, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 304, 306, 307.3, 309.2, 312.1, 312-1, 314.2, 314-2.2, 314-3.2, 314-3.3, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 317-1.2, 317-2.2, 318.2, 319.2, 321.2, 323, 324, 328.2, 330.2, 331.3, 332.2, 333.4, 333.5, 334.1, 335.2, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.2, 344.1, 346.1, 348.2, 349, 350.2, 351.2, 352.1 və 353.1-ci maddələrində, habelə "Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" 2006-cı il 7 aprel tarixli, 92-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə sanksiyaları ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 216, 308.2 və 311.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər;
5.2. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli, 357-IIIQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 213.4-cü maddəsində, həmçinin "Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli, 428-IIIQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 222-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər;
5.3. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin 69-cu maddəsinin ikinci hissəsi, 93-5-ci maddəsinin birinci hissəsi, 93-6-cı maddəsinin birinci hissəsi, 93-9-cu maddəsinin ikinci hissəsi, 100-cü maddəsinin birinci hissəsi, 113-cü maddəsinin ikinci hissəsi, 114-cü maddəsinin dördüncü hissəsi, 120-ci maddəsinin ikinci hissəsi, 126-cı maddəsi, 171-ci maddəsinin birinci hissəsi, 178-ci maddəsinin ikinci hissəsi, 185-ci maddəsi, 208-ci maddəsinin ikinci və üçüncü hissələri, 220-ci maddəsinin birinci və üçüncü hissələri, 229-cu maddəsinin birinci hissəsi, 241-ci maddəsinin "q" bəndi və 255-1-ci maddəsinin "v" və "q" bəndlərində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər;
5.4. "Qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli, 463-IQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddəsinin üçüncü və dördüncü hissələri, 88, 88-1, 91-ci maddəsinin ikinci və üçüncü hissələri, 143-cü maddəsinin üçüncü və dördüncü hissələri, 145, 147-ci maddəsinin üçüncü hissəsi, həmçinin "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli, 90-IQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60 və 65-ci maddələrlə məhkum olunmuş şəxslər;
5.5. qəsdən törədilmiş cinayətlər üzrə ümumi miqdarı əlli min manatdan artıq olan məbləğdə ziyan vurmuş şəxslər;
5.6. maddi ziyanı tam ödəməmiş şəxslər;
5.7. xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum olunmuş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər;
5.8. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən cinayət törətmiş şəxslər;
5.9. cəzaçəkmə müəssisələrində, intizam xarakterli hərbi hissədə və ya xüsusi müəssisələrdə cəza çəkərkən qəsdən cinayət törətmiş şəxslər.
6. Bir neçə cinayətə görə məhkum edilmiş şəxslərin törətdiyi cinayətlərdən biri bu Qərarın təsiri altına düşmürsə, bu Qərarın 2-4-cü bəndlərində göstərilən şəxslərə amnistiya tətbiq edilmir.
7. "Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli, 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir.
III. Amnistiyanın tətbiqi qaydaları
8. Amnistiya bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş ittiham hökmləri ilə məhkum edilmiş şəxslər barəsində tətbiq edilir.
9. Amnistiya aşağıdakı orqanlar tərəfindən tətbiq edilir:
9.1. cəzaçəkmə müəssisələri - bu Qərarın 1.1 və 2-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
9.2. xüsusi müəssisələr - bu Qərarın 1.3 və 3.2-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
9.3. intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı - bu Qərarın 1.2, 1.4 və 3.1-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
9.4. məhkəmə icraçıları - bu Qərarın 1.5-1.8 və 3.3-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
9.5. məhkəmələr - bu Qərarın 3.4-3.6 və 4-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində.
10. Bu Qərarın 9.1-9.4-cü bəndlərində nəzərdə tutulmuş orqanlar amnistiya tətbiq edərkən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalara riayət etməklə, qərarları müvafiq prokurorlarla razılaşdırmalıdırlar.
11. Bu Qərarın 3.4-3.6-cı bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların üzərində nəzarəti həyata keçirən orqanların müraciəti əsasında məhkumun yaşayış yeri üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.
12. Bu Qərarın 4-cü bəndində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların cəza çəkdikləri cəzaçəkmə müəssisələrinin müraciəti əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.
13. Bu Qərarın 11 və 12-ci bəndlərində nəzərdə tutulmuş müraciətlərə baxarkən, məhkəmələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üçün nəzərdə tutulmuş tələblərə riayət etməli, məhkəmə iclasında prokurorun iştirakı təmin edilməlidir.
14. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 515.2-ci maddəsinə müvafiq olaraq, amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə cəzanı icra edən orqanın mülahizəsi nəzərə alınmaqla, cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır.
15. Bu Qərar onun təsiri altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir.
16. Amnistiya tətbiq edilərkən, məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin həlli üçün zəruri sənədlər göstərilən qərara əlavə edilməlidir. Amnistiyanı tətbiq edən orqanlar amnistiyanın tətbiqi barədə qərar qəbul edilməsi üçün zəruri sənədləri müvafiq orqanlardan tələb etməyə haqlıdırlar. Bu sorğular dərhal icra edilməlidir.
17. Amnistiya tətbiq edilən alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində materiallara bu Qərarın 24-cü bəndində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas - tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi barədə məhkəmənin qərarıdır).
18. Barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən vərəm xəstəliyinə tutulmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada səhiyyə orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınır və müalicələrini davam etdirirlər.
19. Bu Qərarın 5.9 və 9.2-ci bəndlərində göstərilən "xüsusi müəssisələr" dedikdə, qanunvericiliyə uyğun olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkildiyi yerlər, bu Qərarın 9.3-cü bəndində göstərilən "hərbi hissələr" dedikdə, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın çəkildiyi yerlər, bu Qərarın 11-ci bəndində göstərilən "məhkumların üzərində nəzarəti həyata keçirən orqanlar" dedikdə isə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində nəzarəti həyata keçirən məhkəmə icraçıları və hərbi hissələrin və ya müəssisələrin komandanlığı başa düşülür.
20. Bu Qərarın 1-ci bəndində nəzərdə tutulmuş şəxslər barəsində amnistiyanın tətbiq edilməsi, onları törətdikləri cinayət nəticəsində vurulmuş ziyanı ödəməkdən azad etmir.
21. Əvvəllər amnistiya və ya əfvetmə aktları ilə cəzasının müddəti azaldılmış şəxslərə bu Qərar tətbiq edilərkən, onların cəzasının çəkilməmiş müddətləri həmin aktlar nəzərə alınmaqla hesablanır.
22. Barələrində amnistiya tətbiq olunmuş çağırışçıların və hərbi qulluqçuların müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış və hərbi xidmət məsələləri qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.
23. Bu Qərar başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum edilmiş və cəzasını Azərbaycan Respublikasında çəkən şəxslərə də şamil edilir.
24. Bu Qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində tətbiq edilir.
25. Bu Qərar dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O. Əsədov
Bakı şəhəri, 17 mart 2009-cu il.