Qəbələ Rayon Məhkəməsi üçün yeni binanın təməli qoyulmuşdur

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmə sisteminin daha da təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatlar aparılır, respublikamızda müasir məhkəmə infrastrukturu yaradılır.

Son illər ölkə rəhbərinin tapşırığına əsasən müasirliyi ilə fərqlənən və ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni məhkəmə binaları tikilib istifadəyə verilmiş, ölkəmizdə konseptual baxımdan yeni olan bir neçə məhkəməni əhatə edən məhkəmə komplekslərinin və binalarının, o cümlədən ötən ilin sonunda İmişli Rayon Məhkəməsi üçün yeni binanın təməli qoyularaq intensiv inşasına başlanılmışdır.

Bu tədbirlər çərçivəsində yanvarın 24-də Qəbələ Rayon Məhkəməsi üçün müasir inzibati binanın təməlqoyma mərasimi keçirilmişdir.

Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Britaniya Krallığının prokuroru xanım Elizabet Hou, habelə bölgənin hakimləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi ziyarət edilmiş, onun xatirəsi dərin ehtiramla yad olunmuşdur.

Ümumi sahəsi 1344 m2 olan iki mərtəbədən ibarət yeni məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən zəruri infrastruktur quraşdırılacaqdır.

Tədbir iştirakçıları Qəbələ Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olmuş, məhkəmənin təməli qoyulmuşdur.

Mərasimdə çıxış edən ədliyyə naziri F.Məmmədov ölkə başçısının rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, müasir infrastrukturun yaradılması barədə məlumat vermiş, bu sahədə Dünya Bankı ilə birgə dünyada ən uğurlu hesab olunan "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinin həyata keçirildiyini, layihə çərçivəsində artıq bir neçə yeni məhkəmə binalarının tikilərək istifadəyə verildiyini və yeni komplekslərin intensiv inşasını vurğulamışdır.

Nazir həmçinin, son illər regionlarda 20-dək yeni məhkəmələrin yaradıldığını, hakimlərin sayının 2 dəfə artırıldığını, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimini, xüsusilə Yeni il ərəfəsində hakimlərin əmək haqlarının artırılmasını qeyd etmiş və bildirmişdir ki, Qəbələ Rayon Məhkəməsinin müasir binasının inşası məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə verəcək, ədalət mühakiməsinə çatımlılığı daha da asanlaşdırmaqla vətəndaşların hüquqlarının etibarlı təmin olunmasına xidmət edəcəkdir.

Mərasimdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyətinin başçısı və hakimlər regionların hərtərəfli inkişafına, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin müasirləşdirilməsinə verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Sonda Qəbələ Rayon Məhkəməsinə yeni xidməti avtomobil təqdim edilmişdir.

Tədbirdən sonra ədliyyə naziri, Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü Fikrət Məmmədov ilə Assosiasiyanın Baş müşaviri, Britaniya Krallığının prokuroru xanım Elizabet Hounun görüşü olmuşdur.

Respublikamıza səfərindən məmnunluğunu ifadə edən xanım E.Hou Azərbaycanda sürətli inkişafın və regionların hərtərəfli tərəqqisinin şahidi olduğunu vurğulamış, səfər zamanı ölkəmizdə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları, xüsusilə müasir İKT-lərlə təchiz olunmuş prokurorluq və məhkəmə infrastrukturu, o cümlədən Ali Məhkəmə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi, ASAN xidmət, Bakı şəhəri Yasamal rayon məhkəməsi ilə tanışlıqdan heyran qaldığını qeyd etmişdir.

Ölkəmizdə aparılan məhkəmə və ədliyyə islahatlarının onda yüksək təəssüratlar yaratdığını deyən xanım E.Hou, respublikamızda korrupsiyaya qarşı aparılan qəti mübarizənin və bu sahədə möhkəm siyasi iradənin mövcudluğunu bildirmiş, Azərbaycanın brendinə çevrilmiş ASAN xidmətin mühüm innovativ təcrübə olduğunu vurğulamışdır. O, ölkəmizdə tanış olduğu müsbət təcrübənin digər ölkələr üçün nümunə olmasını söyləmişdir.

Qonağı səmimi salamlayan nazir Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasının yarandığı vaxtdan səmərəli əməkdaşlıq etdiyini vurğulamış, təşkilatın ötən ilin sentyabrında Moskvada keçirilmiş uğurlu illik konfransını xatırlatmış, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və cinayətkarlıqla mübarizə üzrə dünya prokurorlarının səylərinin birləşdirilməsində Assosiasiyanın rolunu qeyd etmişdir.

Görüşdə ölkəmizin Assosiasiyanın İcraiyyə Komitəsində fəal təmsilçiliyi, uzun illər onun inkişafına verdiyi dəyərli töhfələr, o cümlədən Azərbaycan tərəfindən Assosiasiyanın vəsaitlərinin tərcümə olunması və onun fəaliyyəti barədə geniş hüquq ictimaiyyətinin məlumatlandırılması yüksək qiymətləndirilmiş, ikitərəfli əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminlik ifadə olunmuş, birgə tədbirlərin keçirilməsi barədə faydalı fikir mübadiləsi aparılmışdır.

Xanım E.Hou respublikamızın şimal-qərb rayonlarına səfəri çərçivəsində bölgənin məhkəmə, ədliyyə və prokurorluq orqanlarının fəaliyyəti ilə maraqlanmış, yaradılan müasir infrastruktur, o cümlədən inşası aparılan Şəki Məhkəmə Kompleksi ilə tanış olaraq bu sahədə görülən işləri təqdir etmiş, habelə yeni Şəki penitensiar kompleksinə baş çəkərək məhkumlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez